AnalitikaGündəmSiyasət

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesi yeni iqtisadi imkanlar yarada bilər

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması Azərbaycanın qarşısında duran əsas inkişaf istiqamətlərindən biridir. Bu proses yalnız yaşayış məntəqələrinin bərpası və infrastrukturun yaradılması ilə məhdudlaşmır, eyni zamanda regionların iqtisadi potensialının hərəkətə gətirilməsini də nəzərdə tutur. 2027–2030-cu illər üçün dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafı üçün əlavə imkanlar yarada bilər. Dövlət başçısının çıxışında Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının xüsusi əhəmiyyəti qeyd olunub.

Mineral yataqların istismara cəlb edilməsi regionda sənaye müəssisələrinin yaranmasını stimullaşdıra bilər. Mədənlərin fəaliyyəti üçün nəqliyyat, enerji, rabitə və digər infrastrukturun yaradılması tələb olunur. Bu infrastruktur sonradan regionun digər iqtisadi fəaliyyət sahələrinin inkişafına da xidmət edə bilər. Eyni zamanda mədən sənayesində formalaşan tələbat müxtəlif xidmət sahələrinin, texniki xidmət müəssisələrinin və təchizat zəncirinin yaranmasına şərait yarada bilər.

Dövlət Proqramında nəzərdə tutulan yeni iş yerlərinin əhəmiyyətli hissəsinin regionlarda yaranması mümkündür. Beş mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması dağ-mədən sənayesinin məşğulluğa potensial təsirini göstərir. Bununla yanaşı, birbaşa iş yerləri ilə yanaşı, yeni müəssisələrin ətrafında dolayı məşğulluq imkanlarının yaranması da gözlənilə bilər. Regionlarda iqtisadi fəallığın artması əhalinin həmin ərazilərə qayıdış prosesinin sosial-iqtisadi əsaslarını da gücləndirə bilər.

Qarabağ və Şərqi Zəngəzurda mədən sənayesinin inkişafı zamanı ekoloji məsələlər xüsusi diqqət tələb edir. Təbii sərvətlərin istifadəsi ilə yanaşı, torpaqların, su ehtiyatlarının və biomüxtəlifliyin qorunması əsas şərtlərdən biri olmalıdır. Dövlət başçısının çıxışında ekoloji standartlara ciddi əməl olunmasının vacibliyi xüsusi vurğulanıb. Bu yanaşma göstərir ki, yeni sənaye layihələrinin əsas məqsədi yalnız iqtisadi gəlir əldə etmək deyil, həm də təbii mühitin qorunmasını təmin edən müasir istehsal modelinin qurulmasıdır.

Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button