
İyunun 17-də TÜRKPA-nın Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Ramil Həsən TÜRKPA-nın son dövrlərdə həyata keçirdiyi layihələr, daimi komissiyaların və işçi qruplarının fəaliyyəti barədə məlumat verib. O, həmçinin Cevdet Yılmazın Azərbaycana son səfəri zamanı TÜRKPA-ya baş çəkməsindən məmnunluğunu ifadə edib.
Baş katib qardaş türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul olunan strateji qərarların parlamentlər tərəfindən ratifikasiyası prosesində TÜRKPA-nın rolu və gələcək fəaliyyət istiqamətləri barədə də danışıb.
Cevdet Yılmaz isə TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib. O, Türk Dövlətləri Parlament Assambleyasının strateji əməkdaşlığın dərinləşdirilməsi, parlament diplomatiyasının inkişafı, qanunvericiliklərin yaxınlaşdırılması və ortaq parlament platformasının formalaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb.
Türkiyənin vitse-prezidenti ölkəsinin bundan sonra da TÜRKPA-nın fəaliyyətinə hərtərəfli dəstək göstərməyə davam edəcəyini diqqətə çatdırıb.


