AnalitikaDünyaGündəmSiyasət

İlham Əliyevin çıxışı: Sülh və əməkdaşlıq istiqamətində yeni mərhələ

2026-cı il 4 may tarixində Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək regionda formalaşan yeni siyasi reallıqları, sülh prosesinin gedişini və Azərbaycanın artan geosiyasi rolunu xüsusi vurğuladı. Onun çıxışı həm Avropa məkanında əməkdaşlıq perspektivləri, həm də Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi baxımından mühüm mesajlarla yadda qaldı.Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Ermənistanın “Avropa Siyasi Birliyi”nin 2028-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı təşəbbüsü dəstəkləməsi artıq regionda yeni münasibətlər mərhələsinin başladığını göstərir. Bu, uzun illər davam edən qarşıdurmadan sonra tərəflər arasında etimadın formalaşmağa başladığının əyani sübutudur. Dövlət başçısı bildirdi ki, bu qərarın əsası hələ bir il əvvəl Tiranada keçirilən görüşlər zamanı qoyulub. Həmin vaxt Antonio Koşta və Ursula fon der Lyayen Azərbaycanın mövqeyini öyrənmiş, Prezident Əliyev isə tarazlı yanaşma naminə gələcək zirvə toplantılarından birinin Azərbaycanda keçirilməsini təklif etmişdi. Bu təklifin qəbul olunması Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi qiymətləndirilə bilər.İlham Əliyev çıxışında Ermənistanla münasibətlərdə əldə olunan real irəliləyişləri də diqqətə çatdırdı. O qeyd etdi ki, artıq doqquz aydır tərəflər sülh şəraitində yaşamağa başlayıb və bu proses hər iki ölkə üçün yeni təcrübədir. Sülhün konkret nəticələrindən biri kimi Azərbaycanın Ermənistan üçün tranzit imkanlarını açması xüsusi vurğulandı. 1990-cı illərdən tətbiq olunan məhdudiyyətlərin birtərəfli qaydada aradan qaldırılması nəticəsində Ermənistan istiqamətində 28 min ton yük daşınıb. Bu addım təkcə iqtisadi deyil, həm də siyasi etimadın qurulmasına xidmət edir.

Prezident İlham Əliyev Azərbaycanın daha irəli gedərək enerji sahəsində də əməkdaşlığa başladığını bildirdi. İlk dəfə olaraq Azərbaycandan Ermənistana benzin və dizel ixrac olunub və artıq 12 min ton neft məhsulu tədarük edilib. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin formalaşmasının başlanğıcı kimi dəyərləndirilir və regionda qarşılıqlı asılılıq yaratmaqla sülhü daha dayanıqlı edir.Çıxışda diqqət çəkən məqamlardan biri də Vaşinqtonda imzalanmış birgə bəyanat oldu. Prezident Əliyev xatırlatdı ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan sənəd sülh prosesində dönüş nöqtəsi olub və bu sənədə Donald Tramp da şahid qismində imza atıb. Xarici işlər nazirlərinin sülh sazişi mətnini paraflaması isə prosesin hüquqi çərçivəsinin formalaşdığını göstərir.

Bununla yanaşı, İlham Əliyev bəzi Avropa institutlarının mövqeyinə də toxundu. O qeyd etdi ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan münasibətlərində bəzən qeyri-obyektiv və ikili standartlara əsaslanan yanaşma nümayiş etdirir. Bunun əksinə olaraq, Avropa Komissiyasının daha konstruktiv mövqe sərgilədiyini vurğulayaraq ona təşəkkürünü bildirdi.Prezident həmçinin regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyan layihələrdən danışdı. Xüsusilə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun Azərbaycanı Naxçıvanla birləşdirəcəyini və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevriləcəyini qeyd etdi. Bu layihə yalnız nəqliyyat baxımından deyil, həm də siyasi və iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regionda sülhün əsas təşəbbüskarlarından biri kimi çıxış etdiyini bir daha nümayiş etdirdi. Onun vurğuladığı faktlar göstərir ki, Azərbaycan yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da sülhün möhkəmlənməsinə töhfə verir. Bu yanaşma isə Cənubi Qafqazın gələcək inkişafında həlledici rol oynaya bilər.

Pərvin Cəfərli,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button