GündəmSiyasət

Pakistan və Azərbaycan İslamabadda “ASAN Xidmət” mərkəzinin yaradılması barədə razılığa gəliblər

Pakistan və Azərbaycan sentyabrın 10-da İslamabadda “ASAN Xidmət” mərkəzinin yaradılması barədə razılığa gəliblər.

“ƏsasXəbər “ Pakistan KİV-inə istinadən xəbər verir ki, bu, vətəndaşlara xidmətlərin sadələşdirilməsini hədəfləyən bir pəncərə prinsipi əsasında fəaliyyət göstərəcək dövlət xidməti mərkəzi olacaq və idarəçilik, rəqəmsal islahatlar sahəsində daha geniş əməkdaşlığın tərkib hissəsi kimi nəzərdə tutulur.

Pakistan Baş nazirinin ofisinin yaydığı məlumata görə isə bu qərar Şahbaz Şərifin Bakıya son səfərindən sonra qəbul olunub. O, səfər çərçivəsində Azərbaycanın “ASAN Xidmət” mərkəzlərindən birini ziyarət edib.

Modeldən ilhamlanan Baş nazir aidiyyəti qurumlara layihənin Azərbaycan tərəfinin texniki dəstəyi ilə həyata keçirilməsi tapşırığını verib.

“Bu, ictimai xidmətlərin göstərilməsində inqilabi addımdır”, – deyə Ş.Şərif “ASAN Xidmət”in sədri Ülvi Mehdiyev ilə görüşündə bildirib.

Diqqətə çatdırılıb ki, İslamabadda fəaliyyət göstərəcək mərkəz bir çox dövlət xidmətlərini bir məkanda birləşdirəcək. Burada şəxsiyyət vəsiqələrinin rəsmiləşdirilməsi, biznesə dəstək və digər xidmətlər üzrə inteqrasiya olunmuş xidmətlər təqdim ediləcək. Rəsmi şəxslərin sözlərinə görə, bu addım bürokratiyanı azaldacaq və şəffaflığı artıracaq.

Ş.Şərif bildirib ki, yeni mərkəzdə bütün təyinatlar yalnız şəffaf prosedurlar əsasında aparılacaq. O, həmçinin planlaşdırılan Biznesə Dəstək Mərkəzinin də həmin struktura daxil edilməsini tapşırıb ki, vətəndaşlar və sahibkarlar vahid xidmətlərdən yararlana bilsinlər.

“Mərkəz bizim nağdsız iqtisadiyyata keçidimizi dəstəkləyəcək və digər şəhərlərdə də tətbiq oluna biləcək model rolunu oynaya bilər”, – deyə Baş nazir əlavə edib və Azərbaycan hökumətinə texniki dəstəyinə görə təşəkkürünü bildirib.

Görüş çərçivəsində “ASAN Xidmət” ilə Pakistanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında saziş imzalanıb. Hər iki tərəf bu addımı idarəçilik və dövlət sektoru innovasiyaları vasitəsilə ikitərəfli münasibətlərin dərinləşdirilməsinə doğru mühüm addım kimi xarakterizə edib.

Pakistan xarici işlər naziri İshaq Dar, planlaşdırma və inkişaf naziri Əhsən İqbal, informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima və digər yüksək vəzifəli şəxslər imzalama mərasimində iştirak ediblər.

Oxşar Xəbərlər

Back to top button