AnalitikaGündəmSosial

Novruz Bayramı, birlik və bərabərlik ruhunu canlandırır

Novruzun tarixi çox qədim dövrlərə gedib çıxır. Bəzi mənbələr onun 5 min ildən çox yaşı olduğunu göstərir. Tarixi kökləri zərdüştilik və qədim iranlıların, türkdilli xalqların inanclarına əsaslansa da, Novruz təkcə dini və ya etnik bir bayram deyil, mədəniyytlərarası bir dəyər kimi formalaşıb. Novruzun əsas mahiyyəti təbiətin yenilənməsi və insan həyatında yeni mərhələnin başlanğıcıdır. Novruz bayramı hər bir xalqın özünəməxsus adət-ənənələri ilə zənginləşmişdir. Azərbaycan xalqı üçün Novruz təkcə bir bayram deyil, eyni zamanda milli kimliyimizin, tarixi və mədəni dəyərlərimizin bir hissəsidir. Bayramla bağlı ənənələr xalqın əsrlər boyu formalaşmış dəyərlərini özündə əks etdirir. Novruz bayramında milli dəyərləri və ənənələri özündə birləşdirən Kosa və Keçəl obrazları xüsusi rol oynayır. Onlar təkcə əyləncə obrazları deyil, həm də xalqın dünya görüşünü, arzu və inanclarını ifadə edən dərin məna daşıyan simvollardır. Novruz şənliklərində səhnələşdirilən Kosa və Keçəl tamaşaları xalq arasında geniş yayılmışdır. Kosa var-dövlət və bolluq arzusunu ifadə edən bir fiqurdur, Keçəl isə kasıb, amma ağıllı və hiyləgər bir obrazdır. Bu iki obraz xalq mədəniyyətinin dərin mənalarını əks etdirir. Keçəl yoxsulluğa baxmayaraq ümidlidir, Kosa isə bolluğun və bərəkətin rəmzi kimi çıxış edir. Bu, insanlara birlik, ümid və yenilənmə mesajı verir və Novruzun ruhunu daha da möhkəmləndirir. Novruz bayramının digər əsas personajı olan Bahar qızı Azərbaycanın qədim ənənlərini yaşadır. Milli geyim və atributlar vasitəsilə xalqın mədəni irsini nümayiş etdirir.

Bu ənənələrin gələcək nəsillərə çatdırılması isə cəmiyyətin və hər bir fərdin üzərinə düşən mühüm vəzifələrdən biridir. Uşaqlara Novruzun mahiyyətini öyrətmək, qədim adət-ənənələri qoruyaraq onlara bu bayramın dəyərini aşılamaq, milli mədəniyyətimizin davamlılığını təmin edəcəkdir. Bunun üçün ailələrdə,  məktəblərdə və təhsil müəssisələrində Novruzun mahiyyəti haqqında uşaqlara  məlumat verilməli, Beynəlxalq festivallar və mədəni tədbirlər vasitəsilə Novruzun dünyada tanınması təşviq edilməlidir. Sosial mediada və televiziya kanallarında Novruz ənənələri barədə proqramlar yayımlanmalıdır.

Beləliklə, Novruz bayramı həm insanlığın ümumi dəyərlərini – sülhü, sevgini, təbiətlə harmoniyanı ifadə edir, həm də milli kimliyimizin, tariximizin və mədəni irsimizin qorunmasına töhfə verir. Bu, onun həm bəşəri, həm də milli mahiyyətini təsdiq edən ən gözəl nümunələrdən biridir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button