Bu gün gənclər ölkənin bütün sahələrdə dövlətçiliyin əsas dayağı funksiyasını yerinə yetirir və cəmiyyət həyatının müxtəlif sahələrində təmsil olunurlar. Gənclərin ən aktiv iştirak etdiyi sahələrdən biri də könüllülük fəaliyyətidir. Azərbaycanda könüllülüyün tarixi kifayət qədərdir və bu fəaliyyət bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən, ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir. XIX əsrin sonu XX əsrin əvvəllərinə nəzər salsaq, bir sıra xeyriyyə cəmiyyətlərinin yarandığını, insanlarımızın burada könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışdığını görə bilərik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə, ictimai-siyasi proseslərdə könüllülərin kifayət qədər rolu olub.
Bu gün gənclərimiz təhsil, elm, mədəniyyət, idman və digər sahələrdəki fəaliyyətləri ilə dövlətin inkişafına böyük dəstək verir. Müasir dövrün tələblərinə uyğun təhsil almağa çalışan gənclər, ölkənin elm və texnologiya sahələrindəki inkişafa önəmli töhfələr verirlər. Azərbaycan hökuməti, gənclərin təhsilinə xüsusi diqqət ayırır və onların dünyada ən yüksək təhsil standartlarına uyğun yetişmələri üçün müxtəlif proqramlar və layihələr həyata keçirir. Bu, gəncləri yalnız yüksək biliklərlə təmin etmir, həm də onları beynəlxalq səviyyədə rəqabətə davamlı edir.
Bundan başqa, Azərbaycan gəncləri öz əxlaqi dəyərləri və vətənpərvərlik ruhu ilə də diqqət çəkirlər. Heydər Əliyev tərəfindən təsis edilən gənclər siyasəti, gənclərin milli mənliklərini qorumağa, vətənə qarşı sevgi və hörmətlə yanaşmağa təşviq edir. Bu, onların dövlətin gələcəyinə sadiq, cəmiyyətin ehtiyaclarına duyarlı və məsuliyyətli fərdlər kimi yetişmələrini təmin edir. Azərbaycan gəncliyinin bu prinsiplərlə yetişməsi, eyni zamanda ölkənin sosial sabitliyinə və milli birliyinə töhfə verir. Gənclərimiz idman sahəsində də böyük bir potensiala malikdirlər. Bu sahədə həyata keçirilən proqramlar, gənclərin sağlam həyat tərzini qəbul etmələrinə, həmçinin beynəlxalq səviyyədə ölkənin idman uğurlarına imza atmalarına şərait yaradır. Azərbaycanın idmançı gəncləri, qlobal arenada əldə etdikləri uğurlarla yalnız özlərini deyil, həm də ölkəni layiqincə təmsil edirlər. Azərbaycan gəncliyi müasir cəmiyyətin inkişafında əvəzsiz rol oynayır.
Həsənova Səbinə,
YAP-ın fəalı