AnalitikaGündəm

COP29 ölkəmizin növbəti beynəlxalq uğuru kimi tarixə düşdü

Respublikamızın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası işini uğurla başa çatdırdı. Bu mötəbər tədbir bir daha dünya ictimaiyyətinin diqqətini iqlim dəyişikliklərinin yaratdığı problemlərə yönəltdi. Eyni zamanda, COP29 ölkəmizin növbəti beynəlxalq uğuru kimi tarixə düşdü. COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasətin nəticəsi və respublikamızın dünyadakı yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev noyabrın 11-də COP29-un açılış mərasimində qeyd etdi ki, bu tədbirin Azərbaycanda keçirilməsi respublikamıza olan ehtiramın və hörmətin əlamətidir: “Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”. Azərbaycanın bu cür tədbirlər keçirmək üzrə böyük təcrübəsi var. İndiyə kimi Bakıda “Avroviziya” musiqi yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi böyük tədbirlər keçirilib. COP29-un Bakıda təşkil olunması ilə bağlı qərar veriləndə Azərbaycanın məhz bu cür kütləvi tədbirlərin keçirilməklə bağlı təcrübəsi və respublikamızda siyasi-ictimai sabitlik kimi məsələlər nəzərə alınmışdı.

Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə sahəsində atdığı addımlar, yaşıl enerjiyə sürətli keçidi də bu qərarın qəbulunda mühüm rol oynayıb. Respublikamızda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Günəş Elektrik Stansiyasının tikintisi, Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti tərəfindən hazırda Xızıda Külək Elektrik Stansiyasının inşasının davam etdirilməsi göstərir ki, ölkəmiz yaşıl enerjiyə uğurla keçid edir.Tədbirə gələn bütün qonaqlar 12 gün ərzində nümunəvi təşkilatçılığa şahidlik etdilər. Ölkəmizə 200-ə yaxın ölkədən təşrif buyuran xarici qonaqlar həm təşkilatçılığın olduqca yüksək səviyyədə olduğunu, həm onların mehribanlıqla qarşılandıqlarını, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etdilər. Onlar həm də Bakının gözəlliyinə heyran olduqlarını bildirdilər. Beləliklə, COP29-un timsalında Azərbaycanın nümunəvi təşkilatçılığı və Bakının beynəlxalq tədbirlərin ən ideal ünvanlarından biri olduğu bir daha öz təsdiqini tapdı. COP29-un yüksək səviyyədə keçirilməsində bir çox amillər mühüm rol oynadı. Bütün dünyada narahatlıq doğuran iqlim dəyişiklikləri böyük ekoloji təhdidlər yaratmaqdadır. Bəşəriyyət artıq bir neçə onilliklərdir ki, bu təhdidlərin olduqca ağır nəticələri ilə üz-üzədir. Lakin məmnunluqla qeyd etməliyik ki, Azərbaycan bu problemə qarşı mübarizəyə mühüm töhfələr verən, yaşıl enerji ilə bağlı nümunələr yaradan dövlətlər sırasında yer alır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın COP29 çərçivəsində keçirilən “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda təşkil olunan konfransda qeyd etdiyi kimi, biz havaya atılan tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Respublikamızın bu sahədə yaratdığı nümunələr COP29-da keçirilən panel müzakirələrində iştirakçılar tərəfindən təqdir edildi.

“COP29-un nəticələri əvvəlki COP sessiyaları ilə müqayisədə qlobal iqlim fəsadları ilə mübarizəyə daha çox töhfələr verməsi ilə əlamətdar oldu. Bunu tədbirin son günü qəbul edilən qərarlar, əldə olunan razılaşmalar da təsdiq edir. Bir sözlə, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq. Eyni zamanda, bütün dünya respublikamızın nailiyyətləri ilə daha yaxından tanış oldu”.

Ramin Əliyev,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button