
25 oktyabr Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü kimi qeyd olunur və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində əldə etdiyi tarixi nailiyyətləri təcəssüm etdirir.
Qubadlının azad olunması İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycanın hərbi-strateji üstünlüyünün möhkəmləndirilməsi baxımından mühüm rol oynamışdır. Şəhərin coğrafi mövqeyi və kommunikasiya xətləri üzərində yerləşməsi onun strateji əhəmiyyətini artırırdı. Bu qələbə Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində həyata keçirdiyi siyasətin mühüm nəticələrindən biri olmuşdur.
İşğal dövründə Qubadlıda yaşayış məntəqələri, tarixi-mədəni abidələr və sosial infrastruktur ciddi dağıntılara məruz qalmışdır. Şəhərin azad edilməsindən sonra burada bərpa və yenidənqurma işlərinə başlanılmış, infrastrukturun yenilənməsi, əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi və bölgənin iqtisadi potensialının bərpası istiqamətində tədbirlər həyata keçirilməyə başlanmışdır.
25 Oktyabr – Qubadlı Şəhəri Günü yalnız hərbi qələbənin xatırlanması deyil, həm də milli birlik, vətənpərvərlik və tarixi ədalətin bərpası ideyalarının ifadəsidir. Bu əlamətdar tarix Azərbaycan xalqının öz torpaqlarına bağlılığını, dövlətin suverenliyinin qorunmasına olan qətiyyətini və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində strateji məqsədlərini əks etdirir.
Zəhra Əhmədli,
YAP Yasamal rayon təşkilatının fəal gənci



