AnalitikaGündəm

Ağdamda böyük irəliləyişlər əldə olunub və şəhərin bərpası sürətlə davam edir

Ağdam Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətli bölgələrindən biridir. Tarixi boyu bu diyar bir çox hadisələrin şahidi olmuş, həm qədim mədəniyyətin, həm də müasir bərpa işlərinin mərkəzi kimi tanınmışdır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının dövlət başçılarının imzaladıqları üçtərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycan tərəfinə təhvil verilib. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən noyabrın 20-si Ağdam Şəhəri Günü olaraq təsis edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin bərpası üzrə genişmiqyaslı layihələr həyata keçirilir. Ağdam şəhərinin baş planı çərçivəsində 5 məhəllənin salınması, sənaye parklarının yaradılması, sosial və infrastruktur obyektlərinin tikintisi davam edir.

Ağdam həmçinin “ağıllı şəhər” konsepsiyası çərçivəsində müasir texnologiyalarla yenidən qurulur. Azərbaycan hökuməti bu konsepsiyanı icra etmək üçün qabaqcıl yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Şəhər həm tarixi əhəmiyyətini qoruyacaq, həm də müasir texnologiyaların tətbiqi ilə gələcəyə yönəlmiş bir mərkəzə çevriləcək. Eyni zamanda, Ağdamın mədəni və turizm potensialını bərpa etmək üçün qədim abidələr və şəhərin simvolik məkanları da bərpa olunur.

Ağdamın bərpası təkcə fiziki bir şəhərin yenidən qurulması deyil, həm də Azərbaycan xalqının milli qürurunun bərpası anlamını daşıyır. Ağdam yenidən öz mədəni və iqtisadi potensialı ilə regionda lider mövqeyini bərpa edəcək və Azərbaycan xalqının qələbə iradəsinin simvoluna çevriləcəkdir.

Son 4 il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Ağdamda böyük irəliləyişlər əldə olunub və şəhərin bərpası sürətlə davam edir. Ağdamn regionun ən gözəl şəhərlərindən birinə çevriləcəyi hədəflənir. İndi yenidən qurulmaqda olan şəhər özünün əzəli sakinlərinin – ağdamlıların yolunu gözləyir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button