MədəniyyətGündəm

COP29 günlərində Bakıda 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-də Bakıda mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu keçiriləcək.

ƏsasXəbər AZƏRTAC-a istinadən xəbər verir ki, dialoqun COP29 Mavi zonasında 90 dəqiqə ərzində baş tutması planlaşdırılır.

Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə tədbirdə nazirlər, nazir müavinləri və beynəlxalq təşkilat rəhbərləri iştirak edəcəklər. Bu tədbirdə ekspert və qeyri-hökumət təşkilatı nümayəndələri ilə birgə 120-yə yaxın qonağın iştirakı gözlənilir. Yüksək səviyyəli dialoq mədəniyyəti, o cümlədən incəsənət və irsi iqlim fəaliyyəti gündəliyinə daxil etmək üçün beynəlxalq konsensusa nail olmağa çalışacaq.

COP29 çərçivəsində Azərbaycan pavilyonunda Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyətinin Dostları Qrupu, UNESCO, Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə yan tədbirin keçirilməsi, həmçinin tədbirdə Azərbaycanın təşəbbüsü olan Culture for Climate (C4C) layihəsinin təqdimatı da nəzərdə tutulur.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi COP29-a hazırlıq çərçivəsində cari ilin ötən dövründə bir çox tədbirlər təşkil edib. Bunlara UNESCO Baş Qərargahında Mədəniyyət Nazirliyi tərəfindən COP29 çərçivəsində həyata keçiriləcək mədəniyyət məzmunlu tədbirlərə dair təqdimat, “COP29 və Mədəniyyət: İqlim dəyişikliyinin mədəni ölçüləri” adlı konfransı, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinin mədəni irsə təsirinə dair panel və plenar sessiyalar, Ağdam şəhərində baş tutmuş “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri”nə həsr olunmuş Xüsusi Konfrans, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatı, eləcə də irili-xırdalı 10-larla tədbir daxildir.

Oxşar Xəbərlər

Back to top button