AnalitikaGündəm

II Qarabağ Müharibəsi Azərbaycanın suverenliyini bərpa edən və milli birliyi möhkəmləndirən tarixi bir qələbədir

2020-ci il Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmışdır. II Qarabağ Müharibəsi zamanı həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı, xalqımızın milli birliyinin, iradəsinin və mübarizliyinin rəmzi olaraq ortaya çıxdı. Bu savaş Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bərpa etmək məqsədilə başladığı mübarizə idi və nəticədə tarixi ədalət bərpa olundu. Qələbəmiz, Azərbaycan xalqının milli iradəsinin, ordunun gücünün və liderin qətiyyətinin birliyinin təntənəsidir. Müharibə dövründə Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi. Hamı eyni şüarla yaşayırdı: “Öldü var, döndü yoxdur.” Azərbaycanın hər yerində insanlar ordusuna güvənirdi və hər kəs səfərbər edilmişdi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, xalq öz ordusunun arxasında möhkəm dayanaraq ona əlavə güc verirdi. Bu milli həmrəylik ölkənin bütün potensialını səfərbər etməyə imkan yaratdı. Arxa cəbhədə çalışan mülki şəxslər, əsgərlərimiz və zabitlərimiz bir yumruq kimi düşmənə sarsıdıcı zərbələr endirdilər.

Həmrəyliyimiz, müharibə zamanı qəhrəman əsgərlərimizin cəsarəti və xalqımızın birliyi ilə daha da möhkəmləndi. Müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya cəbhəsində aparılırdı. Azərbaycanın milli maraqlarını qorumaq məqsədilə Prezident İlham Əliyev diplomatik arenada böyük nailiyyətlər əldə etdi. O, onlarla xarici media ilə müsahibələr verərək Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırdı. Bu müsahibələrdə Prezident Azərbaycanın beynəlxalq hüquqa və ədalətə sadiq olduğunu, mülki şəxsləri hədəf almadığını vurğuladı.

Ermənistanın təbliğat maşınının bütün iddialarının üzərindən xətt çəkən bu müsahibələr, Azərbaycanın haqlı mövqeyini beynəlxalq səviyyədə möhkəmləndirdi. Vətən müharibəsi zamanı Azərbaycanda milli həmrəylik yalnız orduda deyil, həm də siyasi müstəvidə özünü göstərdi. Müharibə dövründə ölkədə fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan İlham Əliyevə dəstək bəyanatları verərək, Vətən uğrunda birgə mübarizə apardıqlarını nümayiş etdirdilər. Bu həmrəylik milli maraqların müdafiəsi üçün siyasi fikir ayrılıqlarının aradan qaldırıldığını göstərdi. Azərbaycan yalnız daxildə deyil, xaricdə də böyük dəstək aldı. Dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlı 44 günlük müharibə dövründə tarixi Vətəni ilə bir yerdə idi. Onlar Azərbaycanın qələbələri ilə fəxr edərək, ölkəmizin haqq işinə öz dəstəklərini ifadə edirdilər. Müharibənin nəticəsi Azərbaycan xalqı üçün böyük qələbə oldu. Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixi ədalətin təntənəsidir. 44 günlük müharibədə Azərbaycan Ordusu Ali Baş Komandanın qətiyyəti ilə düşməni məğlub etdi və torpaqlarımızı azad etdi. Bu qələbə şəhidlərimizin qanının yerdə qalmadığını və xalqımızın qəhrəmanlıq dastanını göstərdi. Azərbaycanın Qarabağda 2023-cü ildəki lokal antiterror tədbirləri də milli iradənin və birliyin bir daha təzahürüdür. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki qanunsuz fəaliyyətləri lokal tədbirlərlə dayandırılmış və bölgədəki qeyri-qanuni qüvvələr tərksilah olunmuşdur. Bu əməliyyatlar Azərbaycanın suverenliyini bir daha təsdiqləmiş və xalqın qələbəsini yenidən möhkəmləndirmişdir. “Dəmir Yumruq” əməliyyatı və II Qarabağ Müharibəsi, milli birlik, iradə və qətiyyətin nəticəsi olaraq Azərbaycanın müasir tarixində yeni bir səhifə açdı. Bu qələbə Azərbaycan xalqının gücünü, ordusunun qəhrəmanlığını və milli liderin qətiyyətini bir daha təsdiqlədi. Qələbəmiz, Azərbaycan xalqının vətən sevgisi və milli iradəsinin təntənəsidir.

Sahil Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button