“Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayıb və bu günə qədər davam edir. Erməni millətçiləri 200 ildən artıq bir zaman kəsiyində yüz minlərlə dinc azərbaycanlını soyqırımına məruz qoymuş, yaşadıqları yerlərdən qovmuş, onlara işgəncələr vermiş, yüzlərlə yaşayış məntəqəsini dağıdıb yerlə yeksan etmişdilər. 30 il öncə xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, işğal zamanı yaşayış məntəqələrini dağıtmış, dinc əhali amansızcasına qətlə yetirilmiş, hətta törədilmiş vəhşiliklər, soyqırımılar erməni faşizminin əsl simasını göstərmişdi”.
Bunu “ƏsasXəbər”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, ötən 30 ilə yaxın bir müddət ərzində beynəlxalq birlik məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı: “Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmış, məsuliyyətli ölkə olaraq Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdı. BMT də daxil olmaqla mötəbər beynəlxalq təşkilatlar işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdilər. Xüsusilə də, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı. Bütün bu illər ərzində isə Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdi. Hətta, Ermənistan işğal zamanı mülki, təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmiş, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdu. Əlbəttə ki, Azərbaycan bu işğalla barışmayacağını dəfələrlə nümayiş etdirmiş, 2016-cı il aprel ayında Lələtəpə, 2018-ci il Günnüt, 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı bu sarsılmaz iradəsini nümayiş etdirmişdi. Amma bütün bunlardan nəticə çıxarmayan Ermənistan 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat törətmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmuşdu. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdi. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Beləliklə də, milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu. 44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Eyni zamanda, Azərbaycan xalqı şəhidlərimizin intiqamını düşməndən döyüş meydanında aldı və onların qanı yerdə qalmadı”.
“Milli həmrəyliyimizin təcəssümü olan Qələbə tarixdə əbədi qalacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi: “Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Onu da qeyd etmək lazımdır ki, 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi”.