AnalitikaGündəmSosial

Zəriflik və nəcibliyin təntənəsi

Bəşər tarixində qadın hər zaman həyatın, mərhəmətin, gözəlliyin və mənəvi ucalığın rəmzi olmuşdur. Cəmiyyətin inkişafı, ailə institutunun möhkəmliyi və mənəvi dəyərlərin qorunması qadının mövqeyi ilə birbaşa bağlıdır. Qadın həyatın başlanğıcı, ailənin dayağı, cəmiyyətin mənəvi sütunudur. Bu mənada 8 Mart – Beynəlxalq Qadınlar Günü qadına ehtiramın, onun cəmiyyətdəki rolunun və xidmətlərinin yüksək qiymətləndirilməsinin ifadəsidir.
Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində qadın həmişə yüksək məqamda dayanmışdır. Qədim tariximizdən başlayaraq qadına hörmət və ehtiram xalqımızın həyat tərzinin ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycan qadını yalnız ailə ocağının qoruyucusu deyil, həm də xalqın taleyində, dövlətin inkişafında mühüm rol oynayan şəxsiyyət kimi tarix səhnəsində öz layiqli yerini tutmuşdur. Məhz buna görə də Azərbaycan qadını zərifliyin və nəcibliyin, eyni zamanda gücün və iradənin parlaq təcəssümü hesab olunur. Ailə dəyərləri Azərbaycan cəmiyyətinin əsas sütunlarından biridir və bu dəyərlərin qorunub saxlanmasında qadının rolu əvəzsizdir. Ailə ocağının istiliyini qoruyan, övladlarını milli ruhda böyüdən, onları vətənə və xalqa bağlılıq ruhunda tərbiyə edən məhz qadındır. Ana sevgisi və qadın qayğısı hər bir insanın həyatında əvəzolunmaz yer tutur. Azərbaycan ailəsində ana müqəddəs bir məfhum kimi qəbul olunur. Bu müqəddəslik yalnız ana məhəbbətinin gücü ilə deyil, həm də qadının ailədə yaratdığı mənəvi harmoniyanın nəticəsi kimi formalaşır.
Azərbaycan qadınına verilən yüksək dəyərin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi isə müasir tariximizin ən mühüm mərhələlərindən biri ilə bağlıdır. Bu sahədə xüsusi xidmətlər göstərən şəxsiyyət isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Ulu Öndərin rəhbərliyi dövründə qadınların cəmiyyət həyatında daha fəal iştirak etməsi üçün geniş imkanlar yaradılmışdır. Ulu Öndər Heydər Əliyev hər zaman qadınların cəmiyyətin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayırdı. Onun fikrincə, cəmiyyətin tərəqqisi qadınların sosial-siyasi həyatda fəallığından birbaşa asılıdır. Məhz Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda qadınların hüquqlarının qorunması, onların dövlət idarəçiliyində təmsil olunması və sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ulu Öndər qadınların ictimai həyatda rolunu yüksək qiymətləndirərək onların dövlət quruculuğu prosesində daha fəal iştirak etməsinə xüsusi diqqət yetirirdi. Onun rəhbərliyi ilə qəbul edilən bir sıra qanunvericilik aktları qadın hüquqlarının müdafiəsini gücləndirmiş, gender bərabərliyinin təmin olunmasına ciddi töhfə vermişdir. Bu siyasət nəticəsində Azərbaycan qadınları cəmiyyət həyatının bütün sahələrində daha fəal mövqe tutmağa başlamışdır.
Bu gün Azərbaycan Respublikasında dövlət qadın siyasəti uğurla davam etdirilir və daha da inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətində qadınların cəmiyyət həyatında rolunun artırılması mühüm istiqamətlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial və institusional islahatlar qadınların hüquqlarının qorunmasına, onların imkanlarının genişləndirilməsinə və cəmiyyətin bütün sahələrində fəal iştirakına geniş şərait yaratmışdır. Müasir Azərbaycan cəmiyyətində qadınların dövlət idarəçiliyində təmsil olunması, onların mühüm vəzifələrə irəli çəkilməsi dövlət başçısının bu sahəyə verdiyi önəmin bariz nümunəsidir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan qadınları yüksək mənəvi keyfiyyətləri, zəhmətsevərliyi və vətənpərvərliyi ilə cəmiyyətin inkişafında mühüm rol oynayırlar.
Azərbaycan qadınının zərifliyi və nəcibliyi ilə yanaşı gücünü və liderlik potensialını ən parlaq şəkildə təcəssüm etdirən şəxsiyyətlərdən biri isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadır. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınının ən gözəl xüsusiyyətlərini özündə birləşdirən nümunəvi şəxsiyyətdir. Onun fəaliyyəti Azərbaycan qadınının zərifliyi ilə gücünün vəhdətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bütün dünyada humanizm və xeyirxahlıq ideyalarının təbliğində mühüm rol oynayır. Fondun həyata keçirdiyi sosial, humanitar və mədəni layihələr minlərlə insanın həyatında müsbət dəyişikliklər yaratmışdır. Bu fəaliyyət Azərbaycan qadınının mərhəmətini, nəcibliyini və böyük ürək sahibi olduğunu bir daha nümayiş etdirir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial müdafiə sahələrində mühüm nəticələr vermişdir. Onun fəaliyyəti nəticəsində bir çox məktəblər, xəstəxanalar və sosial müəssisələr tikilmiş və yenidən qurulmuşdur. Bu layihələr insanların rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, humanizm və sosial məsuliyyət prinsiplərinin cəmiyyətimizdə daha da möhkəmlənməsinə töhfə verir.
Son illərdə Azərbaycanın qazandığı böyük uğurlar, xüsusilə torpaqlarımızın azad olunması uğrunda aparılan mübarizə dövründə qadınlarımızın, eləcə də şəhid analarımızın göstərdiyi mənəvi dəstək və fədakarlıq bir daha sübut etdi ki, Azərbaycan qadını həm də böyük iradə və vətən sevgisinin daşıyıcısıdır. Şəhid analarının mərdliyi və səbrli duruşu xalqımızın mənəvi gücünün simvoluna çevrilmişdir.
Azərbaycan qadınları həmçinin gənc nəslin vətənpərvər ruhda yetişməsində mühüm rol oynayırlar. Ana tərbiyəsi ilə formalaşan vətən sevgisi gələcək nəsillərin mənəvi dayağına çevrilir. Məhz ana qayğısı və qadın müdrikliyi sayəsində cəmiyyətin sağlam və güclü təməlləri formalaşır. 8 Mart – Beynəlxalq Qadınlar Günü bu mənada qadın əməyinə, qadın zəhmətinə və qadın sevgisinə hörmət günüdür. Bu gün qadının cəmiyyətdə tutduğu yüksək mövqeyin bir daha dərk edildiyi və onun xidmətlərinin qiymətləndirildiyi xüsusi bir gündür. Məhz buna görə də 8 Mart – zərifliyin və nəcibliyin təntənəsi kimi qeyd olunur. Bu təntənə qadının mənəvi ucalığının, onun cəmiyyət həyatındakı böyük rolunun və bəşəri dəyərlərin qorunmasında göstərdiyi xidmətlərin təntənəsidir. Azərbaycan qadını bu gün də öz zərifliyi, nəcibliyi və gücü ilə ölkəmizin inkişafında mühüm rol oynayaraq gələcək nəsillər üçün parlaq nümunə olmağa davam edir.

Aytəkin Əhmədova,
​YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button