
Azərbaycan tibb elminin görkəmli simalarından biri olan akademik Zərifə xanım Əliyeva yalnız peşəkar oftalmoloq və alim kimi deyil, həm də öz dövründə yüzlərlə insanın həyatını dəyişən, milyonlarla insanın sağlamlığını qoruyan böyük bir şəxsiyyət kimi tarixdə iz qoymuşdur. Onun elmi nailiyyətləri sırasında xüsusilə bir istiqamət fərqlənir: traxoma xəstəliyinə qarşı apardığı mübarizə və bu sahədə tətbiq etdiyi inqilabi müalicə metodu.1950-1960-cı illər ərzində traxoma yalnız Azərbaycanda deyil, ümumilikdə bir çox inkişaf etməkdə olan ölkələrdə geniş yayılmış, kütləvi korluğun əsas səbəblərindən biri hesab edilirdi. Bu infeksion göz xəstəliyi sosial-iqtisadi şəraitdən, gigiyenik vəziyyətdən, maarifləndirmənin səviyyəsindən birbaşa asılı olaraq geniş yayılırdı. Ölkəmizdə də minlərlə insan bu xəstəlikdən əziyyət çəkir, korluq təhlükəsi ilə üzləşirdi. Məhz belə bir vaxtda Zərifə xanım Əliyevanın elmi tədqiqatları və təklif etdiyi müalicə metodu traxoma ilə mübarizədə yeni mərhələnin başlanğıcını qoydu.Zərifə xanım Əliyeva 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda elmlər namizədi dissertasiyasını müdafiə etdi. Bu tədqiqat öz dövrü üçün yenilikçi yanaşma sayılırdı. O, sintomisin adlı antibiotikin digər müalicə vasitələri ilə birlikdə istifadəsini təklif edərək, traxoma xəstələrinin müalicəsində yüksək effektivlik əldə olunmasına nail oldu. Onun metodikası yalnız xəstəliyin simptomlarını aradan qaldırmaqla kifayətlənməyib, həm də onun yenidən yaranmasının qarşısını almağa yönəlmişdi. Bu, traxoma ilə uzunmüddətli və davamlı mübarizə üçün əsaslı baza yaratdı.Dissertasiya əsasında hazırlanan metodika Səhiyyə Nazirliyi tərəfindən təsdiqləndikdən sonra, tezliklə bütün respublika üzrə tətbiq olunmağa başladı. Zərifə xanımın rəhbərliyi ilə müxtəlif bölgələrdə səhiyyə işçiləri təlimatlandırıldı, əhali arasında maarifləndirici tədbirlər keçirildi, erkən diaqnostika və profilaktika mexanizmləri quruldu. Onun tədqiqatları yalnız bir alimin uğuru deyil, bütövlükdə bir xalqın sağlamlığı uğrunda qazanılmış zəfər idi.Zərifə xanımın təşəbbüsü və elmi-metodiki rəhbərliyi ilə ölkənin bütün bölgələrində traxoma ilə mübarizə geniş vüsət aldı. Az bir müddət ərzində xəstəliyin yayılma səviyyəsində kəskin azalma müşahidə olundu. Sonda isə, bu sosial bəla ölkə miqyasında tamamilə aradan qaldırıldı. Bu nailiyyət, Azərbaycanın səhiyyə tarixində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir və Zərifə Əliyevanın adı ilə sıx bağlıdır.Zərifə xanım Əliyevanın tədqiqatı yalnız bir xəstəliklə bağlı deyil, ümumilikdə tibbi yanaşmanın dəyişməsi, elmi metodların tətbiqi və praktikaya çevrilməsi baxımından da müstəsna əhəmiyyətə malikdir. O, sübut etdi ki, elmi bilik yalnız akademik dairələrdə qalmamalı, real həyatda insanlara xidmət etməlidir. Onun oftalmologiya sahəsində apardığı çoxsaylı araşdırmalar və metodik tövsiyələr bu gün də öz aktuallığını qoruyur.Zərifə xanım Əliyevanın bu sahədəki fəaliyyəti elmi və tibbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, onun adı Azərbaycan oftalmologiyasının inkişafında əvəzedilməz şəxsiyyət kimi tarixə yazılmışdır. Daha sonrakı illərdə o, elmlər doktoru, professor, akademik adlarını alaraq yalnız traxoma ilə deyil, digər göz xəstəlikləri, peşə patologiyaları və tibbi profilaktika sahələrində də dəyərli tədqiqatlar aparmışdır.Onun irsi bu gün də Azərbaycan tibb elminə və oftalmoloji praktikaya istiqamət göstərməkdədir.
Nəsibova Günel
Yeni Azərbaycan Partiyası, məsləhətçi