Zəngəzur dəhlizinin açılmasına heç bir qüvvə mane ola bilməz
Prezident İlham Əliyev Şuşanın azad olunmasında olduğu kimi Zəngəzur dəhlizini bərpa etməklə strateji hədəfə çatır. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Ümumilikdə, Zəngəzur dəhlizi türk dünyasının inkişafına yeni nəfəs verəcək. Bu dəhliz, həmçinin Qərbdən Şərqə uzanan ticarət yolunun mayakına çevriləcək. Bu səbəbdən də Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir. Prezident İlham Əliyev çıxışlarında Zəngəzur dəhlizinin çox mühüm regional və beynəlxalq əhəmiyyəti olduğunu vurğulamışdır. Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin bərpa edilməsi nəticəsində Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağdır. Həmçinin indi tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpü olacaq. Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq. Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək.
Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunub. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında Zəngəzur dəhlizinin yaradılması öz əksini tapmışdır. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli Bəyanatda da Zəngəzur dəhlizinin açılması və istismara verilməsi də nəzərdə tutulmuşdur. Bu bəyanat Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti, əzm və iradə nümayiş etdirməsi, düşünülmüş addımlar atması sayəsində nail olduğumuz böyük Qələbəmizin rəsmi şəkildə təsdiqi deməkdir. Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunub. Zəngəzur dəhlizi ilə bağlı məsələdə Azərbaycanın, Rusiyanın və Avropa İttifaqının mövqeləri üst-üstə düşür. Əslinə baxanda, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün hamıdan vacibdir. Çünki, bu illər ərzində Ermənistanın yürütdüyü işğalçılıq siyasəti bu ölkəni dalana çevirib. Bu blokadanın yaradılması təbii ki, Azərbaycanın yürütdüyü düşünülmüş siyasətin nəticəsidir.
Ermənistan başa düşmür ki, Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri müəyyən olunmuş qaydada yerinə yetirməsə, Azərbaycan Laçın dəhlizini bağlamaq məcburiyyətində qalacaq. Azərbaycan dəhlizlərlə bağlı belə balanssızlığa dözmək niyyətində deyil. Ən əsası, rəsmi İrəvan bilməlidir ki, Zəngəzur dəhlizinin tezliklə açılması həm də regionda sülhün etibarlılığı üçün fundamental amillərdən biri sayılır.
Vəfa Əliyeva,
18 saylı uşaq poliklinikasının baş həkimi