AnalitikaGündəmİqtisadiyyat

Zəngəzur Dəhlizi və Azərbaycanın Nəqliyyat İnfrastrukturunun İnkişafı

Müşavirəyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəhbərlik edib. Müşavirədə, ölkə daxilində və beynəlxalq nəqliyyat sistemlərinin inkişafı, bu sahədəki müasir çağırışlar və gələcək perspektivlər müzakirə olunub. Prezident İlham Əliyev çıxışında Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafının önəmini vurğulayaraq, bu sahədə həyata keçirilən və gələcəkdə nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

“Ermənistan öhdəliklərini yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir” bunu Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı söyləyib.

Ölkə rəhbəri vurğulayıb ki, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq.

Zəngəzur dəhlizinin reallaşması məsələsi Azərbaycan tərəfindən yenidən gündəmə gətirilib. Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışında deyib ki, Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb və İkinci Qarabağ müharibəsindəki qələbədən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salınıb: “Bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Ölkə başçısının bu ifadələri bir daha onu göstərir ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılmasında israrlıdır və dəhlizin fəaliyyət göstərməsi üçün lazımi siyasi addımlar atılır. “Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir”, – Prezident vurğulayıb.

Azərbaycan Respublikası 44 günlük savaşın və antiterror tədbirlərinin qalib tərəf olmasına baxmayaraq Prezident İlham Əliyevin təşəbbüsləri ilə Cənubi Qafqazda dayanaqlı sülh və əməkdaşlıq mühitinin formalaşdırılması üçün davamlı səylər göstərməkdədir. Bəli, Azərbaycan daim sülh tərəfdarı olan ölkədir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın heç bir dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur və Zəngəzur dəhlizi bu ölkənin suverenliyini heç bir formada təhdid etmir.

“Azərbaycanın ayrılmaz hissəsi – Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur” fikrini vurğulayan Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə 10 noyabr kapitulyasiya aktını diqqətlə oxumağı bir daha məsləhət görüb. Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Ermənistanın bu dırnaqarası “layihəsinin” Azərbaycansız iki qəpik qiyməti yoxdur.

Azərbaycanda doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Prezident qeyd edib ki, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib: “Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib – Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək”.

Dövlət başçısı nəqliyyat məsələlərinin həmişə diqqət mərkəzində saxlanıldığını, son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildiyini, yeni metro stansiyalarının istifadəyə verildiyini, yol qovşaqları, tunellər, körpülər inşa edildiyini, yeni yollar salındığını vurğulayıb. Nəqliyyat məsələlərinə gəldikdə, dövlət başçısı bildirib ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilib – kənd yolları, şəhərlərarası yollar, magistral yollar salınır. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə keçir ki, biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Prezident bildirib ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır.

Prezidentin müşavirədə səsləndirdiyi rəqəmlər nəqliyyat sahəsində görülən işlərə bir daha işıq saldı. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, ilk növbədə, Azərbaycan vətəndaşlarının mövqeyini və düşüncələrini ifadə edir.Azad edilmiş ərazilərdə də görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. Beləliklə, ölkənin müxtəlif bölgələrində yeni beynəlxalq aeroportların istifadəyə verilməsi, yeni yolların salınması, regional layihələrin icrasında aparıcı rol oynaması Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də respublikamızı Avrasiyanın nəqliyyat qovşağına çevirir.Ölkəmizin nəqliyyat imkanları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da bu sahədə liderliyini qorumasını şərtləndirir. Azərbaycanın bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir.

İlahə Abdullazadə,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Oxşar Xəbərlər

Back to top button