AnalitikaGündəmSiyasət

Zəfər şəhərlərin simasında yaşayır

Zəfər anlayışı bəzən yalnız döyüş meydanında əldə olunan nəticə kimi təsəvvür edilir. Halbuki dövlətlər üçün tarixi qələbənin əsl davamı onun nəticələrinin cəmiyyətin həyatında necə əks olunmasından asılıdır. Azərbaycanın Qarabağda əldə etdiyi Zəfərdən sonra həyata keçirilən quruculuq işləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində görülən işlər Zəfərin yeni mərhələsini – bərpa və inkişaf mərhələsini nümayiş etdirir.

 

Bu şəhərlərdə yeni yolların, yaşayış binalarının, sosial obyektlərin və ictimai məkanların yaradılması Zəfərin nəticələrinin gündəlik həyata çevrildiyini göstərir. Xankəndidə Zəfər parkının yaradılması şəhərin müasir simasında Zəfər mövzusunun xüsusi yer tutduğunu göstərən nümunələrdəndir. Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi isə şəhərin gələcək iqtisadi və sosial həyatına imkanlar yaradır. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlinin qoyulması bu baxımdan mühüm layihələrdən biridir.

 

Xocalıda isə Zəfərin nəticəsi daha bir mühüm formada – insanların qayıdışı ilə görünür. Doğma torpağına qayıdan ailə üçün Zəfər anlayışı artıq abstrakt tarixi hadisə deyil; bu, onun yaşadığı ev, uşağının getdiyi məktəb, istifadə etdiyi yol və gündəlik həyatıdır. 2024-cü ilin mayından Xocalıya qayıdışın başlaması Böyük Qayıdışın praktiki nəticələrini göstərir. Bu prosesin genişlənməsi ilə şəhərin sosial həyatı da tədricən bərpa olunur.

 

Zəfərin şəhərlərdə yaşaması o deməkdir ki, tarix yalnız xatırlanmır, həm də gələcəyə çevrilir. Xankəndidə yeni nəqliyyat sistemi, Xocalıda qayıdış, Xocavənd və Ağdərədə bərpa və idarəetmə prosesləri Azərbaycanın Qarabağda uzunmüddətli inkişaf strategiyasının müxtəlif istiqamətlərini tamamlayır. Zəfər meydanda qazanıldı, lakin onun ən böyük nəticələri şəhərlərin yenidən qurulan küçələrində, doğma yurduna qayıdan ailələrin həyatında və gələcəyə inamla böyüyən yeni nəsildə yaşayacaq.

Gülsüm Hacıyeva,

YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button