Zəfər paradı qələbəmizin təntənəsidir

Tarixə nəzər salsaq, Ermənistan əsrlər boyu Azərbaycan torpaqlarına açıq şəkildə ərazi iddiası irəli sürmüş və etnik zəmində təxribatlar həyata keçirmişdir. Ermənistanın ölkəmizə qarşı 27 sentyabr 2020-ci il tarixində törətdiyi hərbi təcavüz xarakterli növbəti təxribatı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınaraq, işğal altında olan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinə başlaması ilə nəticələndi.
Dövlətimizin şanlı qələbəsilə başa çatan 44 günlük qəhrəmanlıq savaşımız hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yenilməz ordumuz xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu! Xalqımız öz ata-baba torpaqlarına qovuşdu. Azərbaycan mübariz oğul və qızlarının şücaəti sayəsində 44 günlük Vətən müharibəsində Şanlı qələbə qazanaraq tarix yazdı. Otuz illik işğala son qoyaraq tarixi ədaləti bərpa etdi.Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoydu.
Bu qazanılmış zəfərdə Ulu Öndər siyasətinin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, düşünülmüş xarici və daxili siyasəti böyük rol oynayır. Bütün şəhidlərimizin xatirəsini uca tutmaq hər birimizin borcudur. Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün canını fəda verən əsgər və zabitlərimizi hər zaman hörmətlə yad edirik. Eyni zamanda da bizim qələbəmiz dünyaya səs saldı. Zəfər paradı qələbəmizi bütün dünyaya göstərdi. Dünya, Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmayacağını və gec-tez öz amalına çatdığını gördü.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi