Yeni Azərbaycan Partiyası son otuz ildə böyük nailiyyətlər əldə edib
YAP-ın yaradılması xalqımızın siyasi həyatında ən mühüm hadisədir. Tarix baxımından 30 il qısa bir zaman kəsiyi olsa da, bu partiyanın gördüyü işlər və dünyada qazandığı nüfuz çox böyük əhəmiyyətə malikdir. Biz hamımız bu partiyanın üzvü olmaqdan fəxr edirik. 1992-ci il tariximiz üçün, xalqımız üçün sınaq dövrü idi. Çünki Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. İnsanlar həmin dövrdəki rəhbərliyin qurtuluş yolu tapacağına inanmırdılar. Ona görə də ölkədə təbəddülatlar, hərc-mərclik baş alıb gedirdi. Məhz belə bir dövrdə insanların mənəvi gücünü səfərbər etmək üçün ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratdı. XX əsrin 90-cı illərinin əvvəlində yaradılan YAP ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində xalqın böyük nüfuzunu qazandı.Ulu Öndər əmin idi ki, bu partiyanın sıralarına məhz ölkənin ən kamil, vətənpərvər, ziyalı insanları daxil olacaq.
Azərbaycan uzun illər yaşadıqca məfkurə daşıyıcısı olan Yeni Azərbaycan Partiyası və onun qazandığı nailiyyətlər haqqında dönə-dönə danışacağıq. Bu haqqı YAP öz fəaliyyəti, xalq qarşısında üzərinə götürdüyü öhdəliklər, Ümummilli Liderimizin yaratdığı siyasi məktəbin ideya istiqamətlərinə sadiqliyi ilə qazanıb. Buna görə də xalqın partiyamıza olan inamı, etimadı ildən-ilə artır. Bu gün biz ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edirik. Biz Ümummilli Liderimizin fəaliyyəti, fədakarlığı və qəhrəmanlığı nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olacağına inandıq və bunu real həyatda gördük.
YAP-ın tarixi ölkəmizin tarixindən ayrılmazdır. Ölkəmizin keçdiyi bütün tarixi mərhələlərdə partiyamız uğurla fəaliyyət göstərib, daim cəmiyyətin ön cərgələrində olub və bütün sahələrdə böyük layihələrə imza atıb. Ölkəmizin inkişafı üçün partiyamız böyük işlər görüb. Bu gün Azərbaycan bütün sınaqlardan üzüağ çıxaraq, iqtisadi çətinlikləri dəf edərək gələcəyə doğru böyük inamla addımlayır. Bu inkişafın əsasında ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır. Biz bu gün bu siyasətin uğurlarını görürük.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı