
YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişafının yalnız maddi resurslarla deyil, insan kapitalının keyfiyyəti ilə müəyyənləşəcəyini göstərən siyasi mərhələ kimi də qiymətləndirilə bilər. Müasir dünyada rəqabət üstünlüyü təbii sərvətlərdən daha çox bilik, innovasiya, texnologiya və yaradıcı insan potensialı ilə ölçülür. Azərbaycan üçün də dayanıqlı inkişafın əsas şərtlərindən biri yüksək hazırlıqlı, milli düşüncəli və müasir biliklərə malik yeni nəslin formalaşdırılmasıdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin təhsilinə və onların dünyanın aparıcı ölkələrində bilik əldə etməsinə xüsusi əhəmiyyət verirdi. Bu yanaşmanın əsas məqsədi ölkənin gələcək inkişafını təmin edə biləcək peşəkar kadr potensialı yaratmaq idi. Təhsil siyasəti beləliklə yalnız sosial sahə deyil, dövlət quruculuğunun strateji istiqaməti kimi qəbul edilirdi. Bu siyasi xətt sonrakı dövrdə də müxtəlif proqram və layihələrlə inkişaf etdirildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda insan kapitalının inkişafı iqtisadi modernləşmə, rəqəmsal transformasiya və yeni texnologiyaların tətbiqi ilə daha sıx əlaqələndirilir. Süni intellekt, rəqəmsal iqtisadiyyat, informasiya texnologiyaları və müasir sənaye sahələri yeni ixtisaslara tələbat yaradır. Buna görə də təhsil sisteminin əmək bazarının dəyişən ehtiyaclarına uyğunlaşdırılması Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyəti baxımından mühüm məsələdir.
YAP VIII Qurultayı gənclərin siyasi və ictimai proseslərə daha fəal cəlb edilməsi üçün də yeni imkanlar yaradır. Müasir gənclik yalnız siyasi qərarların icraçısı deyil, həm də yeni ideyaların, texnologiyaların və innovativ yanaşmaların mənbəyidir. YAP öz təşkilati fəaliyyətində gənclərin intellektual potensialından daha geniş istifadə etməli, onların siyasi mədəniyyətinin, analitik düşüncəsinin və dövlətçilik baxışlarının inkişafına şərait yaratmalıdır.
Beləliklə, elm, təhsil və insan kapitalı məsələsi YAP VIII Qurultayının strateji məzmununda xüsusi yer tutan istiqamətlərdən biri kimi nəzərdən keçirilə bilər. Azərbaycanın gələcək iqtisadi və siyasi gücü savadlı, peşəkar və vətənpərvər nəslin yetişdirilməsindən birbaşa asılıdır. Dövlətçilik ənənələrinin müasir biliklərlə birləşdirilməsi ölkənin yeni inkişaf mərhələsinin əsas şərtlərindən biridir.
Vəfa Bayramova,
YAP Nizami rayon təşkilatının fəal üzvü



