AnalitikaGündəmSiyasət

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi

Qanlı yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq tarixi kimi qalıb. 35 il öncə Azərbaycan xalqı Qarabağda erməni işğalı ilə mübarizə aparırdı. Paytaxt Bakı şəhəri isə bu təcavüzə hovadarlıq edən SSRİ-yə etiraz edirdi..Mixail Qarbaçovun ermənipərəstliyi isə Qarabağdakı vəhşilikləri ilə sonlanmadı və Kreml Bakıya qoşun yeritdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Küləklər şəhərində sovet əcəli əsməyə başlayıb.Tərkibində ermənilərin olduğu rus desant dəstələri körpə, ahıl, qadın, kişi fərqi qoymadan əhaliyə divan tutublar. Xalq Qarabağ və azadlıq şüarları ilə tankların önünə atılıblar. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Kütləvi qırğından birgün sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanətlə çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin  təşkilatçıları və içraçılarının cəzalandırılmasını tələb etmişdir  “…Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və … hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm…Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı …Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

20 Yanvar hadisələrinə düzgün və obyektiv hüquqi-siyasi qiymət verilməsi də məhz ulu öndər Heydər Əliyevin xidmətidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiyməti verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı qəbul etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı bəyan etdi ki, İttifaq dövləti 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi təcavüz etmişdir. Milli azadlıq hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin, görkəmli siyasət və dövlət adamının dayanması Azərbaycan cəmiyyətində qısa zaman kəsiyində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsiAzərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvarın tarixmizdə tutduğu yeri bu gün daha aydın görürük. 2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis olunub. Yanvarın 20-si isə Azərbaycanda Ümumxalq hüzn günü elan edilib. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin daim uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə daim diqqət yetirir.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən Ulu Öndər Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir.

Səkinə Əliyeva,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin informatika müəllimi

Oxşar Xəbərlər

Back to top button