AnalitikaGündəmSiyasət

Xocalıda ədalətin təntənəsi rəsmiləşdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalıda ucaldılmış Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində çıxış edərək bu məkanın xalqımızın ağrılı tarixini, eyni zamanda ədalətin bərpasını simvolizə etdiyini bildirdi. Prezident xatırlatdı ki, memorialın təməli iki il əvvəl qoyulmuş, bu gün isə artıq Xocalının özündə açılması böyük mənəvi və siyasi əhəmiyyət daşıyır.

Dövlət başçısının vurğuladığı kimi, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş ağır hərbi cinayətdir. Bir gecə ərzində yüzlərlə günahsız mülki şəxsin, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşüb. Bu cinayətin məsuliyyəti Ermənistan dövlətinin üzərindədir və Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq.

Prezident qeyd etdi ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün uzun illər ərzində məqsədyönlü və ardıcıl iş aparılıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Fondun təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası beynəlxalq miqyasda geniş vüsət alıb.

Kampaniyanın həyata keçirilməsində Fondun vitse-prezidenti Leyla Əliyevanın rolu xüsusi olaraq vurğulandı. Onun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində konfranslar, tədbirlər, təqdimatlar keçirilmiş, çoxsaylı nəşrlər çap olunmuşdur.

Çıxışda bildirildi ki, beynəlxalq aləmdə uzun müddət biganəlik və ikili standartlar mövcud olsa da, Azərbaycanın qətiyyəti nəticəsində bu gün artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb. Bu, Azərbaycanın haqq səsinin və ədalətli mövqeyinin nəticəsidir.

Prezident İlham Əliyev Vətən müharibəsi və sonrakı antiterror tədbirləri barədə də danışaraq vurğuladı ki, Azərbaycan ədaləti özü təmin edib. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və rəşadəti sayəsində torpaqlar işğaldan azad olunub, hərbi cinayətkarlar məhv edilib və ya məhkəmə qarşısına çıxarılıb. Bu, tarixi ədalətin tam bərpası kimi qiymətləndirildi.

Xocalı şəhərinin azad edilməsi və memorial kompleksin məhz burada inşa olunması Prezidentin sözlərinə görə, xalqın əyilməz iradəsinin və inamının göstəricisidir. Bu kompleks təkcə keçmişin acı xatirəsi deyil, həm də gələcək nəsillər üçün bir dərs, milli yaddaşın canlı təcəssümüdür.

Sonda Prezident bildirdi ki, bu gün Azərbaycan güclü, müstəqil və özünü müdafiə etməyə qadir dövlətdir. Xocalı kimi faciələrin bir daha təkrarlanmaması üçün xalqın birliyi, dövlətin gücü və ordunun qüdrəti əsas təminatdır. Azərbaycan məhz bu birlik və iradə sayəsində bu gün sülh və təhlükəsizlik şəraitində yaşayır.

Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button