AnalitikaGündəmSiyasət

WUF13 Azərbaycanın gələcəyə hesablanmış şəhərsalma siyasətini dünyaya nümayiş etdirdi

Son illərdə Azərbaycan dünya miqyasında nüfuzunu artıran, beynəlxalq etimadı qazanan və qlobal tədbirlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilmişdir. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası – WUF13 bunun ən parlaq nümunələrindən biri oldu. Bu forumun Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun, uğurlu siyasətinin və beynəlxalq səviyyədə qazandığı hörmətin göstəricisi idi.

Dünyanın 182 ölkəsindən on minlərlə insanın Bakıya gəlməsi Azərbaycanın dünya dövlətləri üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi. Belə bir tədbirin ölkəmizə etibar olunması Azərbaycanın keçdiyi inkişaf yoluna verilən yüksək qiymət hesab edilə bilər.

Bu gün Azərbaycan yalnız coğrafi baxımdan Şərqlə Qərbin qovuşduğu məkan deyil, həm də müxtəlif mədəniyyətlərin, ideyaların və əməkdaşlığın görüş nöqtəsinə çevrilib. Bu xüsusiyyət ölkəmizin tarixində olduğu kimi, bu gün də özünü göstərməkdədir. Azərbaycanın qədim tarixi ilə müasir inkişafı arasında yaradılmış vəhdət dünyanın diqqətini cəlb edir.
Bakıya nəzər saldıqda qədim İçərişəhərin tarix qoxuyan küçələri ilə müasir memarlıq nümunələrinin eyni məkanda birləşdiyini görmək mümkündür.

WUF13 həm də Azərbaycanın gələcəyə hesablanmış şəhərsalma siyasətini dünyaya nümayiş etdirdi. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri dövlətimizin gücünü və qətiyyətini göstərən mühüm nümunələrdəndir. Uzun illər dağıdılmış ərazilərdə qısa müddətdə yeni şəhərlərin və kəndlərin salınması, müasir yolların, məktəblərin, hava limanlarının tikilməsi Azərbaycanın böyük hədəflərlə irəlilədiyini sübut edir.

Bu gün ölkəmiz beynəlxalq tədbirlərin sadəcə iştirakçısı deyil, onların təşkilatçısı və təşəbbüskarlarından biridir. Bu isə Azərbaycanın dünya miqyasında söz sahibi olan dövlətlər sırasında yer aldığını göstərir.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button