Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər 3 oktyabr 1993-cü ildən başlayan yolun məntiqi nəticəsidir
“Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcını qoydu. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı”.
Bunu “ƏsasXəbər”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qaydışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı. Beynəlxalq əlaqələrdə, xüsusilə Azərbaycan – Türkiyə əməkdaşlığında yeni mərhələ açıldı. Elmi əsaslarla beynəlxaq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli ordu formalaşdı. Torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyəti olan atəşkəsə nail olundu. Bununla Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısını aldı. Genefondumuz xilas edildi. Bu xalqımızın yaşaması və gələcəyə olan ümidi demək idi.
“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, 1993–2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamı kimi dəyərləndirilir. Əlbəttə ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də 3 oktyabr 1993-cü ildən başlayan yolun, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsinin məntiqi nəticəsidir.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir. Nə qədər ki qədirbilən xalqımız var, nə qədər ki müstəqil Azərbaycan var ulu öndər daima qəlblərdə yaşıyacaq, xatirəsi ehtiramla anılacaqdır.