
Azərbaycan dilinə dövlət dili statusunun verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi və əvəzsiz rolu olmuşdur. 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyasının layihəsi müzakirə edilərkən, bütün siyasi çətinliklərə baxmayaraq, məhz onun qətiyyətli təklifi ilə 73-cü maddədə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəası əksini tapdı.
Bu cəsarətli addım millətin öz dilində təhsil almaq və inkişaf etmək hüququnun təminatı idi. Ulu Öndər ziyalıları və xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək böyük bir həmrəylik yaratmışdı. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən də aparılan geniş müzakirələrdən sonra məhz “Azərbaycan dili” adının təsbit edilməsi bu siyasətin məntiqi davamı idi.
Həmin siyasi irs bu gün də yaşayır. 2001-ci il avqustun 9-da imzalanan Fərmanla 1 Avqust tarixinin Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilməsi Ulu Öndərin xalqımıza buraxdığı ən qiymətli miraslardan biridir.
Firuzə Əmirova,
YAP Nizami rayon təşkilatının fəalı



