AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyev mətbuat azadlığının və şəffaflığın himayədarı olmuşdur

Zəngin tarixə malik Azərbaycan mətbuatı yarandığı gündən bu günə qədər şərəfli bir yol keçmişdir. Ulu Öndər Heydər Əliyev bu tarixi yolu həmişə izləmiş, onun müasirliyini, aktuallığını qoruyub saxlamasına diqqət yetirmişdir. O bilirdi ki, mətbuat xalqın tarixini, mənəviyyatını, məişətini, iqtisadiyyatını, bir sözlə, həyatın bütün sahələrini həmişə doğru-düzgün əks etdirmiş, milli şüurun, mənəviyyatın formalaşmasına güclü təkan vermişdir.

Heydər Əliyev Azərbaycan mətbuatının keçdiyi yolun hər addımını, bu yolda qarşılaşdığı çətinlikləri, maneələri gözəl bilirdi. Əsası 150 ilə yaxın bundan öncə böyük alim, pedaqoq, jurnalist, ictimai xadim Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulmuş milli mətbuatımız Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixinə şərəfli səhifələr yazmış, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərin qorunub saxlanmasında misilsiz rol oynamışdır. Milli mətbuatın − xalqın adət-ənənələrini, arzu və istəklərini, dəyərlərini, məişətini daim öz səhifələrində əks etdirən “Əkinçi”nin məramını Ümummilli Lider onun yetişdirdiyi görkəmli yazıçılar, publisistlər, satiriklər, jurnalistlər nəslində, onların formalaşması və inkişafında görürdü.

Heydər Əliyev Azərbaycan dövlətçiliyi, millətin tarixi nöqteyi-nəzərindən tarixi keçmişi qiymətləndirməyi, xalqının müsəlman Şərqindəki islam dini mövcud olan ölkədə 125 il öncə demokratik qəzet yaratmağı ilə fəxr edirdi. 125 il müddətində xatırlanan insanların böyük vətənpərvər, millətinin tərəqqisi üçün çalışan və cəsarətli olduqlarını deyən Heydər Əliyev qeyd edirdi ki, o dövrdə Azərbaycan dilində belə bir qəzeti yaratmaq böyük risk idi. “Əkinçi” bağlandıqdan sonra mətbuatda bir müddət yaranan fasilə, Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə “Kaspi” qəzeti, yenə də Hacının hamiliyi ilə nəşr olunan rusdilli qəzetlərdə Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü, Hacı Səid Ünsizadənin təşəbbüsü ilə nəşr olunan “Ziyayi-Qafqaziyyə”nin bir il ömür sürməsi, Məhəmmədağa Şahtaxtinskinin “Şərqi-rus” qəzeti, nəhayət “Həyat”, “Füyuzat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik”, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı, ADR yaranan zaman Ü.Hacıbəyovun “Azərbaycan” qəzeti və digər nəşrlərin Zərdabinin təməl daşının nəticəsi olaraq rolunu Heydər Əliyev yüksək dəyərləndirirdi. Ulu Öndər doğru olaraq qeyd edirdi ki, “milli demokratik mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri – maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl daşları rolunu oynadı” .

Azərbaycana ikinci dəfə hakimiyyəti dövründə Heydər Əliyev mətbuatla bağlı on fərman və sərəncam imzalamış, bir çox nəşrlərin maliyyələşdirilməsinin dövlət büdcəsi hesabına həyata keçirilməsinə nail olmuşdu. 1998-ci il 6 avqust “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında”, 1999-cu ilin dekabrında imzalanan “Kütləvi informasiya vasitələri haqqında”, 2000-ci il 6 mart tarixli “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə Tədbirlər Proqramı”nın təsdiqi, 22 iyulun Milli Mətbuat Günü elan edilməsi 2002-ci ildə Heydər Əliyevə “Jurnalistlərin dostu” mükafatını qazandırdı. Heydər Əliyev mətbuat işçiləri iə görüşlərində, onların peşə bayramında müstəqillik dövrü mətbuatının vəzifələrini unutmur, tövsiyələrini əsirgəmirdi. “Hər bir ölkədə demokratiyanın səviyyəsinin göstəricisi kimi, azad mətbuatın əsas vəzifəsi siyasi plüralizmi, söz və fikir azadlığını daha dərinləşdirməkdən, vətəndaşların informasiya ehtiyaclarını ödəməkdən ibarətdir. Lakin bununla yanaşı, mətbuat cəmiyyətdəki mövcud çatışmazlıqları da güzgü kimi əks etdirməyi bacarmalı, müstəqil, demokratik dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilməli, həqiqət carçısı, insanları yüksək ideallara, humanist əməllərə səsləyən və səfərbər edən vasitə olmalıdır”.

Heydər Əiyevə görə, xalqın mədəni-mənəvi təkamülündə mühüm rol oynamış Azərbaycan mətbuatı müstəqil Azərbaycanın iqtisadi, siyasi və sosial problemləri, sərhədlərin toxunulmazlığı, respublikanın ərazi bütövlüyü uğrunda gedən müharibədə dövlətin demokratik imicinin formalaşdırılmasına xidmət etməlidir.

Heydər Əliyev Azərbaycandan xaricdə nəşr edilən mətbuatı mütəmadi olaraq izləyir, orada Azərbaycanla bağlı yazıların məzmununa xüsusi fikir verirdi. Amerikada nəşr olunan “Azərbaycan internəşnl” jurnalında Azərbaycan kinosunun tarixi, məşhur kinofilmlər, kino xadimləri haqqında gedən yazılar və rəngli fotoşəkillər onu sevindirmişdi. Kinematoqrafiya sahəsinin zənginliyi, birbirindən gözəl əsərlərin səhnə qoyuluşu və bütün bunların Azərbaycandan kənarda, xaricdə gündəmə gətirilməsini Ulu Öndər yüksək qiymətləndirirdi. 47 ölkədə yayılıb yeddi min nüsxə tirajla nəşr olunan jurnalın klassik sənət əsərlərini, bəstəkarları, rəssamları təbliğ etməsini, bəzən Azərbaycanda ola-ola görmədiyimiz hadisələri üzə çıxarıb səhifələrində verməsini o təqdir edirdi.

Ulu Öndər həyatın bütün sahələrində olduğu kimi, mətbuat və publisistikada da milli maraqların, dövlətçilik prinsiplərinin, azərbaycançılıq ideologiyasının qorunmasının tərəfdarı, mətbuat azadlığının və şəffaflığının himayədarı olmuşdur.

Nazilə Abdullazadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti pedaqogika üzrə fəlsəfə doktoru, dosent “Tərəqqi” medalı mükafatçısı

Oxşar Xəbərlər

Back to top button