
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni inkişaf mərhələsini nümayiş etdirir. Dövlət başçısının vurğuladığı kimi, Bakı ilə Daşkənd arasında münasibətlər səmimi dostluq, qarşılıqlı hörmət və dərin etimad üzərində ucalan sarsılmaz bir gücə çevrilmişdir.
Son beş ildə reallaşan 15 müntəzəm səfər və imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” siyasi dialoqun ən yüksək səviyyədə olduğunu göstərir. İqtisadi müstəvidə Hökumətlərarası Komissiyanın rolu, artan ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar hər iki dövlətin iqtisadi dayanıqlılığını möhkəmləndirir.
Tranzit imkanlarının genişləndirilməsi çərçivəsində Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhlizlə inteqrasiyası və “Yaşıl Dəhliz Birliyi” layihəsi regionun logistik və enerjili gələcəyinə böyük üfüqlər açır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası kimi humanitar addımlar isə bu müttəfiqliyin mənəvi irsə və Türk dünyasının birliyinə xidmət edən bariz nümunəsidir.
Aygül İsrafilova,
YAP Nizami rayon təşkilatının fəalı



