
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən “Torpaq olmazdı, əgər o adlar olmasaydı” adlı layihə üzrə YAP Nizami rayon təşkilatında ilk tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın adlarını, həyat yollarını və ölməz xatirələrini gənclər arasında təbliğ etmək, şəhidlərimizin xatirəsini daim yaşatmaq, eyni zamanda gənclərdə vətənpərvərlik, milli məsuliyyət və dövlətə sədaqət hisslərini daha da gücləndirmək olub.
Tədbirdə YAP Nizami rayon təşkilatının məsləhətçisi Aytac Məhərrəmli, şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva, I Qarabağ müharibəsi qaziləri Qəhrəman Qasımov və Mərdan Şahıyev çıxış ediblər. Çıxışlarda Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın göstərdiyi misilsiz fədakarlıqlardan, onların həyat yolunun gənc nəsil üçün əsl nümunə olmasından bəhs edilib. Qeyd olunub ki, şəhidlərin adlarının və xatirələrinin yaşadılması milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir interaktiv müzakirələr şəraitində davam edib, iştirakçı gənclərin mövzu ilə bağlı fikirləri və sualları dinlənilib.
Sonda iştirakçılara layihənin növbəti mərhələləri barədə ətraflı məlumat verilib və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.













