Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Hər iki xalqın eyni soy kökə, dilə, dinə, mədəniyyətə malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Hazırda siyasi və iqtisadi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşmışdır. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq bir sıra sahələr üzrə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Türkiyə-Azərbaycan əlaqələri, bütün türk dünyası üçün də mühüm rol oynayır. Türkiyə-Azərbaycan türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstərir. 25 sentyabr 2023-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri başlayıb. Səfərdə məqsəd İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak etməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşündən sonra İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qeyd edək ki, 15 dekabr 2020-ci il tarixində Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Boru kəmərinin Azərbaycan hissəsinin tikintisinə 2023-cü ilin iyul ayında start verilib. Bu günədək Azərbaycan hissəsində layihələndirmə və mühəndis işləri tamamlanıb. İğdır-Naxçıvan qaz boru kəmərinin Azərbaycan hissəsinin tikintisinin 2024-cü ilin may ayında, Türkiyə hissəsinin tikintisinin 2024-cü ilin dekabr ayında tamamlanması planlaşdırılır. Ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.
Selcan Novruzova,
YAP Nizami rayon təşkilatının məsləhətçisi