AnalitikaGündəmSosial
Trend

Tarixi Addım: Şuşa Bəyannaməsi və Cənubi Qafqazın Yeni Reallığı

Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini rəsmən müttəfiqlik səviyyəsinə ucaldan, regionun geosiyasi mənzərəsini kökündən dəyişən tarixi bir sənəddir.

15 iyun 2021-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı, işğaldan azad edilmiş Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu sənəd həm Qarabağ zəfərinin taclandırılması, həm də bütün dünyaya verilən qətiyyətli bir mesaj idi. Tarixin seçilməsi də təsadüfi deyildi; 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur.

Bu mühüm bəyannamə iki ölkə arasındakı münasibətlərin tarixi təməllərinə, xüsusilə yüz il əvvəl imzalanmış Qars müqaviləsinə (1921) sadiqlik nümayiş etdirir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı sənədin mənəvi sütunlarını təşkil edir.

Şuşa Bəyannaməsi sadəcə siyasi bəyanat deyil, hərbi, iqtisadi, humanitar və xarici siyasət sahələrini əhatə edən genişmiqyaslı yol xəritəsidir. Sənədə əsasən, üçüncü bir dövlət tərəfindən müstəqillik və ya ərazi bütövlüyünə təhlid yarandıqda, tərəflər bir-birinə hərbi yardım göstərəcək. Həmçinin Silahlı Qüvvələrin modernləşdirilməsi, birgə təlimlər, texnologiyaların qarşılıqlı ötürülməsi və PUA-lar daxil olmaqla müasir silahların birgə istehsalı əsas hədəflər sırasındadır. Nəqliyyat sahəsində isə Zəngəzur dəhlizinin açılması və onun davamı olaraq Qars-Naxçıvan dəmir yolunun tikintisi strateji prioritet elan edilir. Beynəlxalq arenada ortaq mövqe nümayiş etdirmək, diasporların birgə fəaliyyəti və Ortaq Media Platformasının yaradılması da bu müqavilənin gətirdiyi mühüm öhdəliklərdəndir.

Sənədi unikal edən ən mühüm məqam onun hərbi müttəfiqlik xarakteridir. Bəyannamədə açıq şəkildə qeyd olunur ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi hərbi yardım nümayiş etdirəcəklər. Bu bənd, faktiki olaraq, Türkiyənin hərbi dəstəyinin rəsmən Azərbaycanın təhlükəsizlik qarantına çevrilməsi deməkdir.

Cənubi Qafqazda güc balansını tamamilə dəyişən bu addım regional və qlobal miqyasda böyük təsirlərə malikdir. Bir tərəfdən Türk Dövlətləri Təşkilatının güclənməsinə və türk dünyasının inteqrasiyasına güclü təkan verir, digər tərəfdən isə regionda revanşist qüvvələrin yenidən müharibə alovlandırmaq ehtimalının qarşısına keçilməz bir sədd çəkir.

Yekun olaraq, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin taleyi və hədəfi bir olan iki qardaş ölkə olduğunu hüquqi müstəvidə əbədiləşdirdi. Bu müqavilə gələcək nəsillərin də təhlükəsizliyini, rifahını və birliyini təmin edən tarihi bir pakt, Cənubi Qafqazın yeni sülh və əməkdaşlıq xartiyasıdır.

İldırım Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button