Gündəm

Suverenliyin Bərpa Olunduğu Tarixi Gün

20 Sentyabr Azərbaycan tarixində yalnız müəyyən bir hərbi-siyasi hadisənin tarixi deyil. Bu tarix Azərbaycan Respublikasının dövlət suverenliyinin tam bərpa olunduğu, müstəqilliyin ərazi və hakimiyyət baxımından bütövləşdiyi mərhələni ifadə edir. 19–20 sentyabr 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda konstitusiya quruluşunun bərpası ilə dövlət hakimiyyətinin ölkənin bütün ərazisində həyata keçirilməsi təmin edildi. 2024-cü il 19 sentyabr tarixli Prezident Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi də məhz bu tarixi nəticənin dövlət yaddaşında rəsmiləşdirilməsi idi.

1991-ci il 18 oktyabrda dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında ən mürəkkəb məsələlərdən biri beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində real hakimiyyətin təmin olunması idi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğalı müstəqil dövlətçiliyin hüquqi varlığı ilə ərazi üzərində faktiki suverenlik arasında ciddi uyğunsuzluq yaratmışdı. Buna görə ərazi bütövlüyünün bərpası Azərbaycan üçün yalnız torpaq məsələsi deyil, dövlət suverenliyinin əsas şərtlərindən biri idi.

2020-ci il Vətən müharibəsi bu tarixi prosesdə həlledici dönüş yaratdı. Azərbaycan Ordusunun Zəfəri nəticəsində işğal olunmuş ərazilərin böyük hissəsi azad edildi. Lakin Qarabağın bir hissəsində separatçı rejimin mövcudluğu Azərbaycan Respublikasının həmin ərazidə konstitusion hakimiyyətinin tam bərpası məsələsini gündəmdə saxlayırdı. 19–20 sentyabr 2023-cü il hadisələri məhz bu baxımdan 2020-ci ildə başlanmış prosesin siyasi-hüquqi nəticəsini tamamladı.

Prezident İlham Əliyevin ifadəsi ilə, “20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik.” Bu qısa cümlə 20 Sentyabrın siyasi mahiyyətini dəqiq ifadə edir. Söhbət yalnız hərbi əməliyyatın başa çatmasından deyil, Azərbaycan Respublikasının Konstitusiyasının, dövlət institutlarının və hüquqi məkanının ölkənin bütün ərazisində bərpa edilməsindən gedirdi.

Suverenlik dövlətin sadəcə əraziyə malik olması deyil, həmin ərazidə ali hakimiyyətini həyata keçirməsidir. Dövlət bayrağının Xankəndidə ucaldılması, Azərbaycan Respublikasının dövlət institutlarının fəaliyyətinin Qarabağda bərqərar olması və konstitusion hüquqi məkanın vahidliyinin təmin edilməsi bu siyasi reallığın konkret ifadələridir. Bu mənada 20 Sentyabr Azərbaycan dövlətçiliyinin hərbi salnaməsi ilə yanaşı, onun konstitusion inkişaf tarixinin də mühüm səhifəsidir.

20 Sentyabrın başqa bir mühüm siyasi aspekti Azərbaycanın bu nəticəni beynəlxalq hüquq müstəvisində əsaslandırmasıdır. Prezident İlham Əliyev qeyd edib: “Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik.” Bu yanaşma Azərbaycan Respublikasının mövqeyində ərazi bütövlüyü və suverenliyin beynəlxalq hüququn fundamental prinsipləri ilə əlaqələndirildiyini göstərir.

Beləliklə, 1991-ci il müstəqilliyin bərpasını, 2020-ci il ərazi bütövlüyünün bərpasında həlledici mərhələni, 2023-cü ilin 20 sentyabrı isə dövlət suverenliyinin tam təmin olunmasını ifadə edən tarixi mərhələlər kimi çıxış edir. Bu tarixlər ayrı-ayrı hadisələr deyil, Azərbaycan dövlətçiliyinin ardıcıl inkişaf xəttinin müxtəlif məqamlarıdır.

20 Sentyabrdan sonrakı mərhələnin mahiyyəti isə artıq yalnız ərazi üzərində hakimiyyətin bərpası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq, keçmiş məcburi köçkünlərin qayıdışı, sosial və iqtisadi infrastrukturun yaradılması suverenliyin yeni məzmununu formalaşdırır. Ərazi üzərində dövlət hakimiyyətinin bərpası siyasi nəticədirsə, həmin ərazilərdə təhlükəsiz, hüquqi və inkişaf edən həyatın qurulması onun davamıdır.

20 Sentyabrın Azərbaycan tarixində xüsusi çəkisi də məhz bundadır: bu tarix uzun illər davam edən ərazi münaqişəsinin yalnız hərbi deyil, dövlətçilik baxımından da nəticələndiyi günü ifadə edir. Azərbaycan Respublikası artıq özünün beynəlxalq səviyyədə tanınmış bütün ərazisində konstitusion hakimiyyətini həyata keçirən vahid suveren dövlət reallığına malikdir.

Müstəqillik Azərbaycan dövlətinin siyasi varlığını təsdiq etdi, Zəfər onun ərazi bütövlüyünü bərpa etdi, 20 Sentyabr isə bu iki məqamı tam suveren dövlətçilik reallığında birləşdirdi. Buna görə Dövlət Suverenliyi Günü sadəcə keçmişin xatirəsi deyil; Azərbaycan Respublikasının öz ərazisi, qanunları və siyasi iradəsi üzərində ali hakimiyyətinin tarixi təsdiqidir. 20 Sentyabr Azərbaycan dövlətçiliyinin tamamlanmış bir səhifəsi olmaqla yanaşı, suverenliyin qorunması və gələcəyə daşınması məsuliyyətinin də başlanğıc nöqtəsidir.

Leyla Hüseynova,
YAP Yasamal rayon AMEA A.A.Bakıxanov ad. Tarix vəEtnologiya İnstitutu üzrə partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button