AnalitikaGündəm

Şuşanın bütün Türk Dünyasını birləşdirən şəhərə çevrilməsi hər birimizi qürurlandırır

Bildiyimiz kimi, tarix boyu bir çox dövlətlər yaradan türk xalqları daim bir-birilə mədəni, iqtisadi, siyasi əlaqələrə malik olublar. Doğrudur, ötən əsrdə sovet ideologiyası SSRİ daxilində olan türk xalqlarını milli köklərindən uzaqlaşdırmağa çalışıb. Lakin hazırda müstəqil inkişaf yolunda irərliləyən türkdilli dövlətlər yenidən möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurmaq üçün əlverişli imkana sahibdirlər. İndiki qloballaşma dövründə ortaq mədəniyyətə, etnik köklərə, dilə, tarixi keçmişə, bayramlara malik olan türkdilli ölkələrin xalqlarının bir-birinə daha da yaxınlaşması milli köklərə daha möhkəm bağlanmaq deməkdir. TDT ən gənc, perspektivli regional təşkilatlardan biri kimi bu potensiala artıqlaması ilə malikdir. Təşkilatda cəmi 6 dövlətin birləşməsinə rəğmən, onun iqtisadi, geosiyasi, hərbi potensialı, o cümlədən getdikcə böyüməkdə olan yerli hərbi sənayesi, qısası, güclü “sementləşdirici” komponentləri istənilən başqa təşkilatda qibtə yarada bilər. Türkdilli dövlətlər arasında iqtisadi münasibətlərin genişləndirilməsi gələcəyə hesablanan düşünülmüş strategiyadır. Bunun həyata keçirilməsi üçün lazım olan şərait də mövcuddur. Türk Şurasına daxil olan dövlətlər geniş iqtisadi potensiala malik olan və inkişaf edən ölkələrdir. Bu ölkələrin iqtisadiyyatı xarici investisiyalar üçün açıqdır. Türkdilli dövlətlərin iqtisadiyyatının inkişaf etmiş sferalarının müxtəlifliyi ən çox tələb olunan məhsulların qarşılıqlı ticarət və mal mübadiləsi şəraitində təmin edilməsinə imkan verir.  Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə ciddi səylər göstərdiyini diqqət mərkəzinə çəkdi və qeyd etdi ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır:

“Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını qeyd etmiş və buna görə Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünü bildirmişdir. Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna kəsb edir. Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, 2023-cü il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. 2020-ci il noyabrın 8-də məhz Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı”. Bir sözlə, Şuşada keçirilən Türk Zirvəsi daha böyük hədəflərin təməlini qoydu. Şuşa Zirvəsi Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzlərindən birinə çevrilməsinə təkan verəcək. Şuşanın özü isə belə mötəbər beynəlxalq toplantıya ev sahibliyi etməklə bu şəhərin Türk şəhəri olduğunu bir daha bütün dünyaya sərgiləmiş oldu. Şuşanın bütün Türk Dünyasını birləşdirən şəhərə çevrilməsi hər birimizi qürurlandırır.

Rzayeva Səba,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button