
Azərbaycan və Türkiyə xalqları arasındakı əlaqələr ortaq dil, din, mədəniyyət və köklü tarixi bağlara əsaslanır. Tarix boyu bu iki qardaş dövlət hər zaman bir-birinin sevincini və kədərini bölüşmüş, ən çətin anlarda çiyin-çiyinə dayanmışdır. Bu sarsılmaz dostluq və qardaşlıq münasibətləri 15 iyun 2021-ci il tarixində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə keyfiyyətcə tamamilə yeni bir mərhələyə- rəsmi müttəfiqlik zirvəsinə ucaldı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu tarixi sənəd, iki ölkə arasındakı münasibətlərin hüquqi statusunu ən yüksək səviyyəyə qaldırmaqla yanaşı, regionun geosiyasi mənzərəsini də yenidən formalaşdırdı.
Şuşa Bəyannaməsinin imzalandığı tarix və məkan təsadüfi seçilməmişdi. Sənədin hər bir detalı dərin rəmzi məna daşıyır. Qarabağın döyünən ürəyi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa 28 illik işğaldan azad edildikdən sonra bu tarixi hadisəyə ev sahibliyi etdi. Şuşa rəqibin kapitulyasiya bəyannaməsinə imza atmağa məcbur edildiyi, Azərbaycan əsgərinin qəhrəmanlıq dastanı yazdığı bir qaladır. Bu müqavilənin məhz burada imzalanması qazanılan Zəfərin əbədiliyinin elanı idi.
Sənəd Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən Milli Qurtuluş Günündə imzalandı. Bu, Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna və onun “Bir millət, iki dövlət” fəlsəfəsinə olan sadiqliyin ali təzahürü idi.Qars Müqaviləsinə İstinad: Bəyannamənin mətnində düz bir əsr əvvəl, 1921-ci ildə imzalanmış Qars müqaviləsinə xüsusi istinad edilir. Bu, Türkiyənin regional qarant rolunun yüz il sonra daha qətiyyətli şəkildə yenilənməsi demək idi. Şuşa Bəyannaməsi iki ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar və mədəni əlaqələri əhatə etsə də, onun ən fundamental sütununu hərbi təhlükəsizlik və müdafiə sahəsində müttəfiqlik təşkil edir.Sənədə əsasən, üçüncü bir dövlət və ya dövlətlər qrupu tərəfindən tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər bir-birinə lazımi yardım göstərəcəklər. Bu bənd faktiki olaraq rəsmi hərbi ittifaqın formalaşması mənasına gəlir.
Şuşa Bəyannaməsi bütövlükdə Türk dünyasının (Türk Dövlətləri Təşkilatının) gələcək birliyi üçün bir model rolunu oynayır. Bakı və Ankara arasındakı bu sarsılmaz müttəfiqlik, digər Türk respublikaları üçün həm iqtisadi, həm də təhlükəsizlik arxitekturası baxımından cəlbedici bir nümunədir.
Şuşa Bəyannaməsi vasitəsilə regional və qlobal güclərə çox aydın mesajlar ötürüldü. Regionda Ermənistanı yenidən silahlandıraraq revanşist meyilləri alovlandırmaq istəyən qüvvələrə göstərildi ki, Azərbaycana qarşı yönələn hər bir hərbi təhdid qarşısında NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyəni tapacaqdır.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin qızıl səhifəsi, çoxəsrlik qardaşlıq bağlarının strateji və hüquqi rəsmiləşməsidir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimizdir” tezisi ilə Heydər Əliyevin “Bir millət, iki dövlət” düsturu bu sənəddə tam vəhdət təşkil edərək real həyata və hüquqi öhdəliyə çevrilmişdir.Bu tarixi bəyannamə təkcə bu günümüzü qorumur, həm də gələcək nəsillərə daha təhlükəsiz, daha güclü və rifah içində yaşayan bir Azərbaycan və Türkiyə ötürmək üçün ən böyük strateji mirasdır. Şuşada atılan imza, Türk birliyinin və sarsılmaz qardaşlığın əbədi möhürüdür.
Şövqiyyə Əliyeva,
Nizami rayonu 12 saylı tam orta məktəbin tarix müəllimi



