Son dövrlərə nəzər saldıqda görərik ki, Azərbaycan dövlətinin inkişafı istiqamətində doğru hədəflərə addımlayır
Azərbaycanda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident İlham Əliyev çıxışında bir çox məqamlardan bəhs etmişdir. 50 il sonra ölkəmizdə belə mötəbər tədbirin keçirilməsindən məmnunluğunu dilə gətirən ölkə başçısı tədbirin ölkəmizdə keçirilməsi qərarını verdikləri üçün Beynəlxalq Astronavtika Federasiyasına minnətdarlığını bildirib, gələn qonaqları salamlayıb.
Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var. Konqresdə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bakı Konqresi bu göstərici üzrə də Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə olub – 214. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır. Üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Dördüncü ildir ki, Azərbaycan BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına sədrlik edir. Belə bir təşkilata sədrlik etmək şərəfinə Azərbaycan 120 dövlətin yekdil qərarı ilə layiq görülmüşü. Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir və bu iki təşkilatın yüzdən artıq üzvü var. Bu, yalnız bizim coğrafiyamız və mədəniyyətimizin deyil, həm də siyasi niyyətlərimizin göstəricisidir.
Azərbaycan dövləti hər zaman başqa dövlətlərin hüquq və sərhədlərinə hörmətlə yanaşmışdır. Təəsüf ki, ölkəmiz 30 il boyunca haqsızlığa məruz qalmışdır. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyon soydaşımız öz yurd-yuvasından didərgin düşmüşdür. 30 il boyunca Azərbaycan humanist mövqedən yanaşaraq məsələnin sülh yolu ilə həll edilməsinə nail olmağa çalışdı. Təəssüf ki, bu yol uğursuz oldu.
Azərbaycanın strateji-coğrafi məkanda yerləşməsi onun əməkdaşlıq körpüsü missiyasına xidmət edir. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir. Bizim üçün coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk. Qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynamışdır. Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub. Biz bunu sabitliyin, proqnozlaşdırmanın və Azərbaycanda yaşayan bütün etnik qrupların və bütün dini konfessiyaların dinc birgə yaşayışı üçün əhəmiyyətli faktor hesab edirik. BMT Azərbaycanın multikulturalizmin təşviqi sahəsindəki səylərini tam dəstəkləyir. Ölkəmizin təşəbbüsü ilə mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif sivilizasiyaların nümayəndələri arasında təmasların daha nəticəyönümlü olması üçün unikal platformadır. Azərbaycan on ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə ilk dəfə idi ki, Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edildi.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi