
Azərbaycan dövləti Qubadlıda həyata keçirdiyi layihələrlə sadəcə bir rayonu deyil, bütöv bir regionun gələcəyini formalaşdırır.
Bu torpaqlarda “Böyük Qayıdış” proqramı təkcə əhalinin geri dönməsi deyil, həm də dövlətin planlı, ardıcıl və uzaqgörən siyasətinin canlı nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıda enerji, kənd təsərrüfatı, sənaye və sosial infrastruktur sahələrində eyni vaxtda layihələrin reallaşması, Azərbaycanın idarəçilik sisteminin çevikliyini və strateji planlaşdırma bacarığını nümayiş etdirir.
Qubadlıda qurulan Bərgüşadçay və Zabuxçay su anbarları, regionun kənd təsərrüfatı üçün mühüm enerji mənbəyi olmaqla yanaşı, Azərbaycanın ekoloji və texnoloji balanslı inkişaf modelinin nadir nümunələrindəndir.
Bu layihələrin hər biri Azərbaycanın milli gücünün iqtisadi əsasını möhkəmləndirir — çünki su, enerji və ərzaq təhlükəsizliyi müstəqil dövlətin strateji dayaqlarıdır.
Eyni zamanda, Qubadlıda tətbiq edilən ağıllı kənd və rəqəmsal idarəetmə sistemləri gələcəyin innovativ kənd təsərrüfatı modelini formalaşdırır. Bu, Azərbaycanın texnoloji baxımdan postmüharibə reallıqlarına adaptasiya qabiliyyətini göstərir.Burada hər layihə bir siyasi mesaj daşıyır – “Azərbaycan bu torpaqlara əbədi qayıdıb.”
Zakir Şahverdi,
YAP-ın gənc fəalı



