
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatında “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları: Regional Turizmin İnkişaf Perspektivləri” mövzusunda gənclərlə görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, İlk öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə tər gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüş iştirakçılarını salamlayaraq çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ölkə Prezidenti tərəfindən təsdiqlənmiş “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrin simasının köklü şəkildə dəyişdiyini, yeni iş yerlərinin açıldığını və infrastruktur layihələrinin uğurla icra olunduğunu vurğulayıb. O qeyd edib ki, bu proqramların əsas hədəflərindən biri də regionlarda turizm potensialının üzə çıxarılması və bu sahədə əlverişli investisiya mühitinin formalaşdırılmasıdır. Çıxışında Bəxtiyar Nəbiyev gənclərin dövlət siyasətinin uğurla davam etdirilməsində, o cümlədən regional turizmin inkişafında fəal iştirakının vacibliyini diqqətə çatdırıb və gənclərə bu sahədə mövcud imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.
Çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov ölkəmizin zəngin təbii və tarixi-mədəni potensialının regional turizmin inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb. O, son illər regionlarda turizm infrastrukturunun yaradılması, yeni turizm marşrutlarının müəyyənləşdirilməsi və ekoturizm, kənd turizmi kimi istiqamətlərin təşviqi ilə bağlı görülən işlərdən danışıb. Deputat qeyd edib ki, regional turizmin inkişafı yalnız iqtisadi göstəricilərin yaxşılaşmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına, kiçik və orta sahibkarlığın canlanmasına birbaşa təsir göstərir. Göydəniz Qəhrəmanov gənclərə turizm sektorunda fəaliyyət göstərmək, təşəbbüskarlıq nümayiş etdirmək və bu sahədə mövcud dövlət dəstəyi mexanizmlərindən yararlanmaq üçün çağırış edib.
Görüş dialoq – sual-cavab əsasında davam edib. Gənclər regionlarda turizmin inkişafı, bu sahədə mövcud maliyyə dəstəyi proqramları və gənclərin turizm sahəsində özünürealizə imkanları ilə bağlı suallar veriblər, çıxış edənlər isə ətraflı cavablar veriblər.
















