
“Azərbaycan xalqı tarix boyu müstəqillik uğrunda mübarizə aparmış, bu yolda saysız-hesabsız sınaqlardan çıxmışdır. Uzun illərin işğal və məhrumiyyətlərinə baxmayaraq, xalqımız öz azadlıq iradəsindən dönməmiş, nəhayət, XXI əsrin tarixi hadisəsi kimi qiymətləndirilən böyük Zəfərlə dövlət suverenliyini tam bərpa etmişdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Ermənistanın 30 ildən çox davam edən işğal siyasəti nə xalqımızın iradəsini, nə də beynəlxalq hüququ dəyişdirə bildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin Laçın nəzarət-buraxılış məntəqəsinin qurulması və sentyabr antiterror əməliyyatı ilə Azərbaycan bütün ərazilərində dövlət suverenliyini təmin etdi. 2024-cü il sentyabrın 19-da imzalanan Sərəncamla hər il 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq. Bu tarix Azərbaycanın milli təqvimində müstəqillik uğrunda uzunmüddətli mübarizənin simvolu, torpaq bütövlüyümüzün və hakimiyyətimizin tam bərpasının rəmzi kimi yerini aldı.
“Müasir Azərbaycanın suverenliyinin tam bərpası Prezident İlham Əliyevin qətiyyətli siyasətinin və uzaqgörən liderliyinin nəticəsidir. Onun xidmətləri bir neçə istiqamətdə xüsusi qeyd olunmalıdır. Güclü Ordu quruculuğu, diplomatik müdriklik, iqtisadi müstəqillik və suverenliyin hüquqi təsdiqi birbaşa olaraq cənab Prezidentimizin adı ilə bağlıdır”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, həm də dövlət müstəqilliyini möhkəmləndirərək gələcək inkişaf yolunu təmin etdi.
Onun sözlərinə görə, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də dövlətçiliyimizin möhkəmlənməsinə, milli həmrəyliyin daha da güclənməsinə xidmət edir. Bu gün Azərbaycan xalqı bütün sərhədləri boyunca suveren hakimiyyətini təmin etmiş, sabitlik və inkişaf yolunda inamla irəliləyir. Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun, gücünün və gələcək zəfərlərinin təntənəsidir.