
“2020-ci il oktyabrın 25-də Qubadlının azad olunması Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu hadisə Azərbaycan dövlətinin milli suverenliyini bərpa etmək əzminin parlaq təzahürü idi. Vətən müharibəsi zamanı əldə edilən hər bir qələbə Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi altında həyata keçirilən sistemli siyasətin – ordunun modernləşdirilməsi, milli birliyin təmin olunması və beynəlxalq hüquqa əsaslanan mövqenin ardıcıl müdafiəsinin nəticəsi idi. Qubadlının azad edilməsi bu strateji kursun konkret nəticəsi kimi Azərbaycanın ərazi bütövlüyünün təminində həlledici mərhələlərdən birini təşkil etdi”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan müzəffər dövlət idarəçiliyi modeli müharibədən sonrakı dövrdə bərpa və yenidənqurma proseslərində də özünü göstərir. Qubadlı və ümumilikdə Şərqi Zəngəzur iqtisadi rayonu bu siyasətin yeni mərhələsində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin bərpası, infrastrukturun qurulması və dayanıqlı məskunlaşmanın təmin edilməsi dövlətin strateji hədəfləri sırasındadır. Prezident İlham Əliyevin Qubadlıya etdiyi çoxsaylı səfərlər, bölgədə yeni enerji, nəqliyyat və sosial layihələrin icrası bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yollarının inşası, “Qubadlı” yarımstansiyasının istifadəyə verilməsi, Mahruzlu və Zilanlı kəndlərinin bərpası bölgənin real inkişaf planına çevrilib.
“Azərbaycan dövləti azad edilmiş torpaqlarda quruculuğu təkcə iqtisadi yox, həm də siyasi müstəvidə suverenliyin möhkəmləndirilməsi kimi qiymətləndirir. Qubadlıda aparılan işlər dövlətin strateji maraqlarını qorumaq, Zəngəzur istiqamətində nəqliyyat və enerji təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə 25 oktyabr tarixinin “Qubadlı şəhəri günü” kimi təsis edilməsi, bu ərazilərin siyasi və tarixi əhəmiyyətinin dövlət səviyyəsində tanınmasının rəmzidir.
“. – deyən Rəşadət Xalıqov əlavə edib ki, bu qərar Qubadlının azad edilməsini yalnız hərbi qələbə deyil, həm də Azərbaycan dövlətçiliyinin bərpa və yenidənqurma konsepsiyasının əsas sütunlarından biri kimi təsdiqləyir.
Onun sözlərinə görə, bu gün Qubadlıda həyata keçirilən layihələr Azərbaycanın milli gücünün, siyasi iradəsinin və gələcəyə hesablanmış inkişaf modelinin təcəssümüdür. 25 Oktyabr – Qubadlı şəhəri günü həm də Azərbaycan dövlətinin suverenlik tarixində qətiyyət, yenidənqurma və əbədi qayıdışın rəmzinə çevrilmişdir.



