AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və müstəqil, balanslaşdırılmış xarici siyasət kursunun məntiqi nəticəsidir

“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat son illərin ən mühüm diplomatik hadisələrindən biri kimi dəyərləndirilə bilər. Bu səfər Cənubi Qafqazın geosiyasi gələcəyi nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin “Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq” ifadəsi diplomatik nəzakətdən daha artıq məna kəsb edir. Bu fikir Vaşinqtonun Azərbaycana yanaşmasında yeni mərhələnin başlandığını göstərir. Altı ay əvvəl Vaşinqtonda keçirilmiş görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün işçi qrupunun yaradılması barədə sənədin imzalanması artıq konkret siyasi nəticə ilə yekunlaşmışdır. Bu, münasibətlərin sistemli və uzunmüddətli strateji xətt üzrə inkişaf etdiyini sübut edir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Sənəddə suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə təsdiqlənməsi xüsusi vurğulanır. Bu müddəa Azərbaycanın milli maraqlarının beynəlxalq səviyyədə dəstəklənməsi baxımından mühüm siyasi mesajdır. Xartiyanın ən diqqətçəkən istiqamətlərindən biri regional bağlantılar və enerji əməkdaşlığıdır. Azərbaycan artıq 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır və onların əksəriyyəti NATO üzvüdür. Bu fakt Azərbaycanın qlobal enerji təhlükəsizliyi sistemində strateji rolunu göstərir. Trans-Xəzər Nəqliyyat Dəhlizi və TRIPP layihəsi isə Azərbaycanı Asiya ilə Avropa arasında mühüm tranzit mərkəzinə çevirən yeni geoiqtisadi platformadır.

“Xüsusilə diqqət çəkən məqamlardan biri Azərbaycanın Ermənistanla sülh şəraitində yaşamağa başlaması və regionda ticarət, tranzit və enerji əməkdaşlığının təşviq edilməsidir. Azərbaycanın öz ərazisi vasitəsilə tranzitə məhdudiyyətləri aradan qaldırması və hətta Ermənistana enerji məhsulları təchizatına başlaması yeni regional münasibətlər modelinin formalaşdığını göstərir. Bu, Cənubi Qafqazda qarşıdurma mərhələsindən əməkdaşlıq mərhələsinə keçidin real təzahürüdür.
Strateji tərəfdaşlığın digər mühüm istiqaməti texnologiya və süni intellekt sahəsində əməkdaşlıqdır. ABŞ şirkətləri ilə AI mərkəzlərinin yaradılması, rəqəmsal infrastrukturun inkişafı və innovasiya mexanizmlərinin tətbiqi Azərbaycanın iqtisadi modelinin transformasiyasına xidmət edir”.

Rəşadət Xalıqov əlavə edib ki, təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, antiterror fəaliyyətinin gücləndirilməsi, kibertəhlükəsizlik və müdafiə sənayesi məhsullarının satışı istiqamətində yeni mərhələnin başlanması isə ikitərəfli münasibətlərin strateji dərinliyini artırır. ABŞ-ın Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirməsi ölkəmizin qlobal təhlükəsizlik sistemindəki rolunun tanınması deməkdir.

Onun sözlərinə görə, bütün bu faktlar göstərir ki, Vitse-prezident Vensin səfəri formal diplomatik hadisə yox, tarixi əhəmiyyət daşıyan siyasi mərhələdir. İmzalanmış Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərini yeni institusional çərçivəyə salır və uzunmüddətli əməkdaşlıq üçün konkret mexanizmlər müəyyənləşdirir. Bu gün Azərbaycan və ABŞ arasında münasibətlər Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi inkişafın əsas dayaqlarından birinə çevrilməkdədir. Yeni mərhələ Azərbaycanın artan beynəlxalq nüfuzunun və müstəqil, balanslaşdırılmış xarici siyasət kursunun məntiqi nəticəsidir.

Oxşar Xəbərlər

Back to top button