AnalitikaGündəmSiyasət

Rəqəmsal inkişaf cəmiyyətimizin ayrılmaz hissəsinə çevrilir

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə dövlətimizin başçısı rəqəmsal transformasiya strategiyasının əsas istiqamətlərini geniş şəkildə şərh etdi və ölkənin rəqəmsal inkişafını yeni mərhələyə çıxarmaq məqsədilə konkret tapşırıqlar verdi.Prezident İlham Əliyev çıxışına dünyada rəqəmsal inkişaf tendensiyalarının qlobal iqtisadiyyat və idarəetmə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamaqla başladı. Onun sözlərinə görə, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatları ölkələrin gələcək inkişafını müəyyən edən əsas faktorlardır. Azərbaycan bu sahədə müəyyən uğurlar əldə etsə də, daha sistemli və prioritet yanaşmaya ehtiyac var. Prezident qeyd etdi ki, rəqəmsal inkişaf məsələsi yalnız texniki layihə deyil, strateji prioritetdir və ölkənin iqtisadi inkişaf konsepsiyasına daxil edilməlidir. Bu yeni fəaliyyət planı, onun sözlərinə görə, məhz bu məqsədlə hazırlanmalıdır və yaxın vaxtlarda yekunlaşdırılıb ona təqdim olunmalıdır.

Dövlət başçısı Azərbaycanın keçmiş təcrübəsindən də danışdı və bildirdi ki, ölkənin transmilli layihələrlə iş təcrübəsi, güclü beynəlxalq əlaqələri rəqəmsal sahədə də üstünlük təşkil etməlidir. O vurğuladı ki, Azərbaycanın coğrafi mövqeyi və mövcud infrastruktur ölkəni rəqəmsal dəhlizlərin yaradılması üçün əlverişli vəziyyətə gətirir. Prezident xüsusilə enerji sahəsində qazandığı uğuru rəqəmsal transformasiya üçün önəmli potensial hesab etdi. Onun sözlərinə görə, Azərbaycanın energetika generasiya gücü son illərdə əhəmiyyətli dərəcədə artıb və bu, data mərkəzləri və süni intellekt infrastrukturlarının yaradılması üçün vacib şərtdir. Cənab Prezident İlham Əliyev rəqəmsal inkişafın uğurla həyata keçirilməsi üçün dövlət qurumları arasında koordinasiyanın vacibliyini xüsusi qeyd etdi. Buna görə də hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə müavin və ya struktur vahidlərinin yaradılması tövsiyə olundu, hətta bu sahənin mövcud müavinlərdən birinə tapşırılması da nəzərdə tutuldu. Məqsəd bütün dövlət strukturlarında yeni rəqəmsal strategiyanın prioritet hesab olunmasıdır. Prezident rəqəmsal arxitekturanın yalnız texnologiya infrastrukturundan ibarət olmadığını, həm də kibertəhlükəsizlik, innovasiya və qanunvericilik mühitinin gücləndirilməsinin vacibliyini qeyd etdi. Bu sahələrdə beynəlxalq standartlara uyğun normativ baza hazırlanmalıdır ki, rəqəmsal infrastruktur təhlükəsiz, elastik və rəqabət qabiliyyətli olsun.

Prezident İlham Əliyevin müşavirədəki çıxışı Azərbaycanın rəqəmsal inkişaf strategiyasını yalnız texnoloji layihələr blokuna çevirmir, onu dövlət siyasətinin aparıcı istiqaməti kimi ortaya qoyur. Rəqəmsal transformasiya iqtisadiyyatın modernləşdirilməsi, idarəetmənin effektivliyi və beynəlxalq rəqabət qabiliyyətinin artırılması baxımından prioritetdir.
Prezidentin verdiyi tapşırıqlar bu strategiyanın həyata keçirilməsinin praktik mexanizmlərini müəyyən edir və ölkəni yeni iqtisadi reallıqlara uyğunlaşdırır.

Ramin Əliyev,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button