
Azərbaycan tarixinin şərəfli səhifələrindən biri olan 25 oktyabr günü xalqımız üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu gün – 2020-ci ilin 25 oktyabrında Qubadlı şəhəri işğaldan azad edilərək Azərbaycan bayrağı yenidən doğma torpaqlarda dalğalandı. Bu hadisə dövlətimizin gücünü, ordumuzun qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini bir daha nümayiş etdirdi.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı illərlə düşmən nəzarəti altında qaldı. Lakin Azərbaycan xalqı heç vaxt bu torpaqları unutmadan, “Qubadlıya qayıdış günü gələcək” inamını qəlbində yaşatdı. O inamın gerçəkləşməsi 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi sayəsində mümkün oldu.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu “Qarabağ Azərbaycandır!” nidasi ilə irəliləyərək torpaqlarımızı mərhələ-mərhələ azad etdi. Qubadlının azad olunması xəbəri 25 oktyabr 2020-ci ildə bütün ölkə üzrə böyük sevinc və qürur hissi ilə qarşılandı. Bu qələbə minlərlə şəhidin müqəddəs qanı, xalqımızın birliyi və ordumuzun fədakarlığı sayəsində qazanıldı.
Qubadlının azadlığı təkcə hərbi nailiyyət deyildi – bu, ədalətin bərpası, yurd həsrətinə son qoyulması və Azərbaycanın suverenliyinin tam bərqərar olması demək idi. Artıq 25 oktyabr tarixi Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq və qurtuluş günü kimi əbədiləşib.
Bu gün Qubadlıda yeni həyat başlayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhərdə bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Yeni yollar, körpülər, məktəblər, sosial obyektlər və yaşayış binaları inşa edilir. “Böyük Qayıdış” proqramı çərçivəsində Qubadlı dirçəlişin rəmzinə çevrilib. Artıq sakinlər doğma yurdlarına dönür, torpaqlarında həyatın nəfəsini yenidən hiss edirlər.
Qubadlının hər daşı, hər ağacı Vətən sevgisindən, igidlikdən danışır. Bu torpaqlar şəhidlərimizin qanı ilə yoğrulub, onların qəhrəmanlığı bu günkü azad və müstəqil Azərbaycanın sütunlarını möhkəmləndirib.
25 oktyabr – Qubadlının azad edildiyi gün xalqımız üçün qürur və iftixar günüdür. Bu əlamətdar tarixdə biz bir daha Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, şanlı Ordumuzun igidliyi və şəhidlərimizin müqəddəs xatirəsi qarşısında dərin ehtiramla baş əyirik.
Həsənova Səbinə,
YAP-ın fəalı