AnalitikaGündəmSiyasət

Qlobal enerji sistemində baş verən transformasiyalar fonunda Azərbaycan enerji dialoqunun strateji memarına çevrilməkdədir

“2025-ci il 1 mart tarixində Bakıda keçirilən 11-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası və 3-cü Yaşıl Enerji Məşvərət Şurasının nazirlər görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın enerji diplomatiyasının çoxşaxəli inkişaf trayektoriyasını və beynəlxalq enerji gündəmində liderlik mövqeyini bir daha nümayiş etdirdi. Bu, Azərbaycanın həm ənənəvi enerji təhlükəsizliyinin təminində, həm də bərpa olunan enerji keçidində qlobal miqyasda strateji oyunçuya çevrildiyini təsdiqləyir”.

Bunu “ƏsasXəbər”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, Cənub Qaz Dəhlizi birgə siyasi iradənin və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın uğurlu nəticəsidir. Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşən bu layihə artıq təkcə region üçün deyil, Avropa İttifaqı və daha geniş coğrafiya üçün də enerji təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edir. 8 ölkədən 16 ölkəyə çıxarılan qaz ixrac coğrafiyası, həm də Cənub Qaz Dəhlizinin çevikliyini və genişlənmə potensialını göstərir. Azərbaycanın 2022-ci ildə Aİ ilə imzaladığı “Strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun əsasında həyata keçirilən enerji əməkdaşlığı Prezident Əliyevin dediyi kimi, praktiki nəticələrə gətirib. 2027-ci ilə qədər qaz təchizatının ikiqat artırılması hədəfi təkcə enerji idxalının deyil, həm də geosiyasi risklərin azaldılması baxımından strateji məna daşıyır. Azərbaycan bu mənada enerji geosiyasətində sabitləşdirici rol oynayır:

“Yaşıl enerji Azərbaycanın enerji modelində mühüm dönüş nöqtəsidir. Xəzər dənizinin 157 qiqavatlıq texniki potensialından istifadə məqsədilə Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrlə bağlanan sazişlər Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilməsi strategiyasının tərkib hissəsidir. Zəngəzur dəhlizi üzərindən yaradılacaq yaşıl enerji koridoru isə təkcə iqtisadi deyil, həm də ekoloji diplomatiya kontekstində mühüm alət olacaq”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın enerji strategiyasını iki əsas istiqamətdə sintez etdiyini ortaya qoyur: enerji təhlükəsizliyi və bərpa olunan enerji keçidi. Bu sintez Azərbaycanın yalnız resurs ixracatçısı deyil, eyni zamanda enerji siyasətində təşəbbüskar və balanslaşdırıcı aktor rolunu gücləndirir. Qlobal enerji sistemində baş verən transformasiyalar fonunda Azərbaycan artıq enerji dialoqunun strateji memarına çevrilməkdədir.

Oxşar Xəbərlər

Back to top button