
Tarixi Zəfərlər dövlətlərin həyatında yeni imkanlar yaradır, lakin həmin imkanların real nəticəyə çevrilməsi uzunmüddətli və məqsədyönlü fəaliyyət tələb edir. Azərbaycan 2020-ci ildən sonra məhz belə bir mərhələyə qədəm qoyub. Ərazi bütövlüyünün bərpasından sonra qarşıda duran əsas məsələ azad edilmiş torpaqların yenidən qurulması və burada həyatın bərpası olub. 2023-cü il sentyabr hadisələrindən sonra isə Qarabağda dövlət suverenliyinin tam təmin edilməsi bu quruculuq prosesinə yeni məzmun verib. Bu gün Qarabağda görülən işlər Zəfərin yalnız hərbi nəticə olmadığını, onun sosial və iqtisadi nəticələrinin də formalaşdırıldığını göstərir.
Quruculuq prosesi hər şeydən əvvəl insana yönəlib. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların geri qayıtması Böyük Qayıdış siyasətinin əsas məqsədidir. Bunun üçün yalnız evlərin tikilməsi kifayət etmir. İnsanların normal həyat sürməsi üçün məktəb, xəstəxana, yol, elektrik, su, rabitə, ictimai xidmət və məşğulluq imkanları yaradılmalıdır. Məhz buna görə Qarabağda aparılan bərpa işləri kompleks xarakter daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə yaşayış məntəqələrinin yenidən qurulması ilə yanaşı, müasir şəhərsalma prinsiplərinin tətbiqinə də xüsusi diqqət yetirilir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə bu prosesin mühüm mərkəzlərindəndir. Xankəndidə Zəfər parkının yaradılması şəhərin yeni simasının formalaşdırılmasına xidmət edən layihələrdəndir. 2025-ci ilin dekabrında parkın açılışının keçirilməsi onun artıq şəhərin ictimai məkanlarından birinə çevrildiyini göstərir. Eyni zamanda Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin təməlinin qoyulması şəhərin gələcək nəqliyyat imkanlarının genişləndirilməsinə hesablanıb. Layihə Ağdam–Xankəndi dəmir yolu xətti ilə əlaqələndirilir.
Qarabağda qurulan hər bir obyekt əslində gələcəyə qoyulan sərmayədir. Bu gün salınan yol sabah iqtisadi əlaqələrin inkişafına, bu gün tikilən məktəb gələcək nəslin formalaşmasına, bu gün inşa edilən ev isə bir ailənin doğma torpağında yeni həyat qurmasına xidmət edəcək. Ona görə də Böyük Qayıdışı yalnız köç prosesi kimi deyil, böyük sosial dirçəliş kimi qiymətləndirmək lazımdır. Qarabağın yeni şəhərləri keçmişin ağrısını unutmadan gələcəyə baxan Azərbaycanı təmsil edir. Zəfərin davamı indi silahların sükutunda deyil, qurulan şəhərlərin səsində, açılan məktəblərin qapısında və doğma torpağına qayıdan insanların sevincində görünür.
İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini



