AnalitikaGündəmSiyasət

Qarabağda quruculuq dövlət siyasətinin yeni səhifəsidir

Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası Qarabağda yeni dövlət siyasətinin əsas istiqamətlərindən birini formalaşdırıb. Bu siyasətin mühüm komponenti azad edilmiş ərazilərin bərpası və əhalinin doğma torpaqlarına qaytarılmasıdır. Bu gün Qarabağda həyata keçirilən layihələr miqyasına və əhatə dairəsinə görə uzunmüddətli dövlət proqramlarının xarakterini daşıyır. Məqsəd dağıdılmış və infrastruktur baxımından zəifləmiş ərazilərin yenidən qurulması və burada müasir həyat şəraitinin yaradılmasıdır.

 

Quruculuq siyasətinin əsas xüsusiyyəti onun kompleks xarakter daşımasıdır. Təkcə yaşayış evlərinin tikilməsi insanların qayıdışı üçün kifayət etmir. Bunun üçün yollar, enerji, su, rabitə, məktəblər, tibb müəssisələri, ictimai xidmətlər və məşğulluq imkanları da yaradılmalıdır. Bu səbəbdən Qarabağda müxtəlif sahələri əhatə edən layihələr paralel şəkildə həyata keçirilir. Dövlətin xüsusi idarəetmə mexanizmləri yaratması da bu prosesin sistemli şəkildə aparılmasına xidmət edir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyəti bu yanaşmanın institusional nümunəsidir.

 

Quruculuğun nəticələri artıq ayrı-ayrı yaşayış məntəqələrində görünür. Xocalının Təzəbinə kəndində fərdi evlərin və müasir sosial infrastrukturun bərpası, ailələrin kəndə köçməsi bu prosesin konkret göstəricilərindəndir. Xankəndidə isə şəhərin nəqliyyat imkanlarının genişləndirilməsi üçün dəmir yolu və avtovağzal kompleksinin təməlinin qoyulması gələcəyə hesablanan layihələr sırasındadır. Bütün bunlar göstərir ki, Qarabağda quruculuq yalnız keçmişin bərpasına deyil, gələcəyin inşasına istiqamətlənib.

 

Bu prosesin ən böyük nəticəsi insanların doğma torpaqlarında normal həyat qurması olacaq. Çünki şəhərləri və kəndləri yalnız binalar deyil, orada yaşayan insanlar canlandırır. Qarabağda məktəblərin açılması, ailələrin evlərinə qayıtması, sosial həyatın bərpası və iqtisadi fəallığın yaranması quruculuğun əsl nəticələrini ortaya çıxaracaq. Azərbaycanın Qarabağ siyasəti Zəfərin nəticələrini qorumaqla kifayətlənmir; həmin nəticələri davamlı inkişaf modelinə çevirmək məqsədi daşıyır.

Sevda Lalayeva,

YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 74” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button