Qarabağ və Şərqi Zəngəzur – reallıqları görmək üçün ən doğru ünvan

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin 11–12 sentyabr tarixlərində Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm hadisədir.
58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərlik nümayəndə heyəti Şuşa, Xankəndi, Ağdərə və Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, sosial-iqtisadi layihələr və tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlərlə yerində tanış olub.
Lakin bu səfərdən daha diqqətçəkən məqamlardan biri Ermənistanın müəyyən siyasi və ictimai dairələrinin reaksiyası oldu. Xarici diplomatların Azərbaycanın ərazisinə səfərinə qarşı etiraz və təzyiq xarakterli çağırışların səsləndirilməsi göstərir ki, Ermənistanın bəzi dairələrində Qarabağ məsələsi ilə bağlı revanşist yanaşmalar hələ də qalmaqdadır. Bu reaksiyalar sülh prosesinə və regionda qarşılıqlı etimadın formalaşmasına xidmət etmir.
Əslində isə diplomatların yerində gördükləri mənzərə hər hansı təbliğatdan daha güclü faktordur: Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən qurulur, şəhərlər və kəndlər dirçəlir, insanlar öz doğma torpaqlarına qayıdır.
Bu gün regionun gələcəyi keçmişə qayıtmaqla deyil, mövcud reallıqları qəbul etmək, qarşılıqlı hörmət və davamlı sülh yaratmaqla müəyyənləşməlidir. Qarabağ Azərbaycanındır və Qarabağda qurulan yeni həyat Azərbaycanın gələcəyidir.
Ramil Mehdiyev,
YAP Nizami rayon təşkilatının ƏPT sədri



