
13 mart 2025-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə XII Qlobal Bakı Forumu baş tutdu. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən bu forum qlobal geosiyasi prosseslər, yeni dünya nizamı və beynəlxalq sistemdəki dəyişikliklər baxımından vacib bir platforma oldu. Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın beynəlxalq siyasətdəki rolunun artdığını, Xocalı soyqırımı, Qarabağda postmünaqişə dövründə gedən bərpa-quruculuq işləri və Ermənistanla davam edən sülh danışıqları haqda vacib mesajlar verdi. Azərbaycanın Cənubi Qafqazdakı yeni reallıqları forumun mühüm mövzularından biri oldu. Xarici siyasətdə balans və milli maraqları qorumaq strategiyası Azərbaycanı regionda stabil və etibarlı tərəfdaş kimi göstərir. Prezidentin vurğuladığı mühüm məsələlərdən biri də beynəlxalq siyasi institutların islahatlara ehtiyacı olması və onların ədalətli yanaşma prinsipini qoruyub saxlamaq vacibliyi idi. Prezident çıxışında qlobal sıxıntılara toxunaraq, yeni siyasi və iqtisadi təhdidlərin formalaşdığını qeyd etdi. Ukrayna münaqişəsi, Yaxın Şərqdəki gərginliklər, enerji bazarlarındakı qeyri-müəyyənilik və beynəlxalq ticarətdəki qeyri-sabitlik bütün dünya düzənini dəyişməyə sürükləyir. Bu kontekstdə, Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətini və Avropaya qaz ixracatının artmasını strateji fərsət kimi qiymətləndirdi. O vurğuladı ki, Azərbaycanın enerji resursları Avropanın enerji təhlukəsizliyinin təmin edilməsində vacib rol oynayır. Prezidentin vurğuladığı mühüm aspektlərdən biri də sülh sürecinə dair idi. Ermənistanla davam edən sülh danışıqlarında irəliləyişlərin olduğunu qeyd edən İlham Əliyev bildirir ki, bütün regionda uzunmüdətli sülh və sabitlik ancaq ədalət prinsipləri əsasında mümkün ola bilər. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri, beynəlxalq tərəfdaşlarla qurulan əlaqələr və iqtisadi əməkdaşlıq platformaları Azərbaycanın regional liderliyini bir daha sübuta yetirir. XII Qlobal Bakı Forumu bir daha göstərdi ki, Azərbaycan qlobal siyasi və iqtisadi sistemin ayrılmaz hərəkətedici gücü kimi çıxış edir. Prezident İlham Əliyevin forumda verdiyi mesajlar təsdiqləyir ki, dünya düzənində baş verən böyük dəyişikliklər fonunda Azərbaycan öz siyasi və iqtisadi kursunu davam etdirməklə yeni fərsətlər yarada biləcək. Forumda qaldırılan məsələlər, aparılan diskussiyalar və qlobal liderlərin münasibətləri göstərdi ki, böhrana düzgün strategiyalarla yanaşma yeni imkanlar aça bilər. Azərbaycanın uğurlu diplomatiyası və siyasi sabitliyi bu yolda ölkəni daha irəli aparacaq.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı