“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Qarabağ Universitetinin yaradılması hər bir Azərbaycan vətəndaşında qürur, fəxarət yaradıb. Qarabağ Universiteti məhz Vətən müharibəsində və onun davamı olaraq lokal antiterror aksiyasında qələbələrimizin xalqımıza daha bir layiqli töhfəsi, suverenliyimizin tam bərpası ilə bağlı tarixi ədalətin önəmli təcəssümüdür. Bu universitet işğaldan azad olunmuş torpaqlarımızda fəaliyyətə başlayacaq ilk ali təhsil müəssisəsi kimi də tariximizə düşür. Tarixi ədalətin bərpa olunması baxımından Qarabağ Universitetinin məhz Xankəndidə olması da xüsusi önəm daşıyır”.
Bunu “ƏsasXəbər”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Qarabağ Universitetinin yaradılması çox mühüm tarixi hadisədir. Qarabağ Universitetinin yaradılmasının sosial, siyasi əhəmiyyəti qədər mənəvi, iqtisadi əhəmiyyəti də var. Prezident İlham Əliyevin Qarabağ Universitetinin açılışında iştirakı, müəllim-tələbə heyəti ilə görüşü dövlətimizin başçısının təhsilə, işğaldan azad olunmuş ərazilərimizin ümumi inkişafına, bölgənin təhsil infrastrukturunun yaradılmasına önəm verdiyini bir daha təsdiqləyir. Eyni zamanda, Qarabağ Universiteti və işğaldan azad olunmuş digər ərazilərdə təhsil infrastrukturunun yaradılması həm də yenidən qurulacaq rayonların, şəhərlərin, kəndlərin, qəsəbələrin təhsilyönümlü olması istiqamətində görülən işlərdən irəli gəlir. Aparılan işlər dünyanın təhsil tutumlu ölkələrində mövcud olan təhsil infrastrukturundan heç də geri qalmır.
Onun sözlərinə görə, doğma Qarabağımızda əvvəl də ali təhsil ənənəsi olub, əzəli torpağımız olan Xankəndi şəhərində vaxtilə ali məktəb fəaliyyət göstərib. Bu mənada Qarabağ Universitetinin yaradılması bölgədə həmin ənənənin bərpa edilməsinə də töhfə vermiş oldu. Qarabağ Universitetinin açılışının 20 sentyabrda olması da çox qürurvericidir. Çünki bu, artıq şanlı tariximizdir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı Azərbaycanın dövlət suverenliyinin möhkəmləndirilməsində mühüm bir mərhələ hesab edilir. Bundan sonra hər il sentyabrın 20-si Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biri kimi Dövlət Suverenliyi Günü olaraq qeyd ediləcək.