Qarabağ Azərbaycanın güc və iradə mesajıdır!
Azərbaycan xalqı erməni işğalından çox əziyyət çəkib, çətin şəraitdə yaşayıb, mənəvi çətinliklərlə üzləşib. Onlar özlərinin haqlı hüquqlarından, öz Vətənlərindən, qəbiristanlıqlarını ziyarət etməkdən məhrum ediliblər.
Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Azərbaycana qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərin məhvi həyata keçirilib. Bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən çoxu hazırkı Ermənistan ərazisindən deportasiya olunub. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. Otuz il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi və beynəlxalq ictimaiyyətin münaqişənin dinc yolla həllinə dair bütün səylərini bloklayırdılar. 1992-ci ildən 2020-ci ilə qədər danışıqlar aparıldı. Sonsuz, mənasız danışıqlar aparılırdı və onların nəticəsi sıfır idi. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə ölkəsi – onlar keçmiş Minsk qrupunun həmsədrləri idi. O qrup ki, işğala son qoymaq üçün mandatı var idi və bu, ATƏT-in çətiri altında həyata keçirilirdi. Amma bizim üçün digər hüquqi çərçivə də var idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi ki, onlar bizim ərazilərimizin işğaldan qeyd-şərtsiz və tam azad olunmasını tələb edirdi. Onlar 1993-cü ildə qəbul edilmişdi. Onlar kağız üzərində qalmışdı. Ermənistan beynəlxalq hüququn normalarını və qaydalarını kobud şəkildə pozurdu. Ancaq beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı sanksiya tətbiq etmədi. Onları heç ictimai şəkildə qınamadılar. Onlara açıq şəkildə çağırış etmirdilər ki, öz qoşunlarını bizim ərazimizdən çıxarsın.
İkinci Qarabağ müharibəsinin başlaması təkcə Ermənistanın işğal siyasəti ilə bağlı deyildi, bu məsələni həll etməyə mandatı olan ölkələrin bunu gözardı etməsi idi. Sülhə nail olmaq olardı, bu, mümkün idi. Azərbaycan hər zaman danışıqlar masasında konstruktiv idi. Nəhayət 2020-ci il noyabrın 8-də Şuşa Ordumuz tərəfindən azad olundu və bu, bizim iradəmizin təzahürü idi. Bundan iki gün sonra Ermənistan kapitulyasiya aktına imza atdı və Azərbaycan 30 illik işğala son qoydu.
Hazırda Qarabağ yenidən canlanır, bütün Qarabağ inkişaf edir. Bütün Qarabağ bölgəsində olduğu kimi şərqi Zəngəzurda da yenidənqurma işləri sürətlə davam edir. Zəngəzur artıq beynəlxalq tədbirə ev sahibliyi edir. 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etdi.
Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edir və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılır. Bu gün biz keçmiş məcburi köçkünlərin öz doğma el-obalarına qayıtmaq üçün necə səbrsizliklə gözlədiklərinin şahidi oluruq. Öz yurdlarına qayıdan insanların yüksək səviyyədə həyat şəraitinin təmin olunması üçün dövlətimiz yorulmadan çalışır, Böyük Qayıdış proqramının tərkib hissəi kimi iş yerləri açılır. Bölgənin yol infrastrukturuna da xüsusi diqqət edilir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.
Görülən işlərlə Azərbaycan bütün dünyaya öz sözünə sadiq olduğunu göstərir. Qarabağı azad edəcəyik dedik və etdik. Qarabağı dirçəldəcəyik demişdik və dirçəldirik.
Kərimov Qarabəy,
YAP-ın fəalı