
Ölkəmiz regionda sülh və əməkdaşlıq təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edir. Bu məqsədlə 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan Ermənistana beş bənddən ibarət sülh paketi təqdim etdi. Hazırda sülh danışıqları davam etdirilsə də, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən hələ də sülh sazişi imzalanmayıb. Prezident İlham Əliyev Şuşada “Euronews” televiziya kanalına müsahibəsi zamanı Ermənistan cəmiyyətinə öz mesajını verib. Ermənistan sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Dövlətimizin başçısı xəbərdarlıq edib ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaq. Çünki dünyada və regionumuzda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir, mürəkkəb proseslər baş verir.
Dövlətimizin başçısının “Euronews” kanalına müsahibəsi də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqı, ordusu, dövləti İkinci Qarabağ müharibəsində yalnız Ermənistana deyil, bütün dünyaya cəsarətini, əzmini göstərmiş oldu. Bunun qarşısında isə Ermənistan məğlubiyyətini qəbul edərək kapitulyasiya aktına qol çəkdi. Lakin həmin vaxtdan 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan hökuməti hər zaman olduğu kimi yalanları və bəhanələri ilə normallaşma prosesinə əngəl törədir. Ermənistan tərəfi sülh sazişini imzalamaq prosesindən yayınmaqla yalnız özünə ziyan vurur. Azərbaycan dövləti onun ərazisində yaşayan erməniləri 30 illik işğal dövründə olduğu kimi, indi də digər xalqların nümayəndələri kimi himayə etməyə hazırdır.
Müsahibədə Prezident İlham Əliyev Ermənistanı həm sülhə dəvət edir, həm ona havadar olan dairələrə mesaj ünvanlayır, həm də Azərbaycanın zərurətlərdən irəli gələcək addımlarını sadalayır. Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirlər müxtəlif məqamları özündə ehtiva edən sualların Ermənistana və ona havadarlıq edən dövlətlərə ünvanlanması ilə diqqətdə oldu. Və hər bir sual özündə gələcəklə bağlı müəyyən məsələlərin müzakirəsini aktuallaşdırır. Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır və regionda baş verən bütün proseslərə təmkinlə yanaşır.
Samiyə Abdulkərimova,
12 saylı şəhər poliklinikasının baş həkimi