“Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Prezident kuboku-2023” beynəlxalq reqatasına Bakıda yekun vurulub.
ƏsasXəbər AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Su İdman Sarayının yaxınlığında təşkil olunan bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Koneçko, Avropa Kanoe Assosiasiyasının rəhbəri Jan Zunqrana, idmançılar və qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən rəsmi şəxslər yarışın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.
Daha sonra mükafatlandırma mərasimi olub. Qaliblərə medal və mükafatları nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Vüqar Əhmədov, Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Tomas Koneçko, Jan Zunqrana, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, qardaş ölkənin Avarçəkmə Federasiyasının prezidenti Erhan Ertürk və digər rəsmi şəxslər təqdim ediblər.
Ardınca tədbirin bədii hissəsinə start verilib. 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, Miri Yusifin solo ifası da olub.
Qeyd edək ki, beynəlxalq reqatanın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri isə Mingəçevirdə keçirilib.